25 noyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) rəhbərliyi Nasdaq nümayəndələri ilə görüş keçirib.
Görüş zamanı Nasdaq nümayəndələri Azərbaycanın kapital bazarında baş verən inkişaf proseslərinə və bazarın gələcək perspektivlərinə maraq göstərərək, bu istiqamətdə Bakı Fond Birjasının prioritetləri və həyata keçirdiyi təşəbbüslərlə tanış olublar.
Müzakirələr çərçivəsində səhm və istiqraz bazarlarının inkişafı, brokerlərin bazarda iştirakının genişləndirilməsi, yeni maliyyə məhsullarının tətbiqi, bazar məlumatları və texnoloji bağlantı imkanları, eləcə də regional inteqrasiya perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Nasdaq-ın son yenilikləri və beynəlxalq bazarlarda formalaşmış təcrübəsi barədə məlumatlar paylaşılıb, bu təcrübənin yerli kapital bazarının inkişafı baxımından tətbiq imkanları müzakirə edilib.
Bakı Fond Birjası beynəlxalq bazar infrastrukturu təchizatçıları ilə dialoqu və təcrübə mübadiləsini yerli kapital bazarının inkişafı, texnoloji imkanlarının genişləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi baxımından əhəmiyyətli hesab edir.