Bir şirkətin imicini yalnız üç sözlə dəyişmək imkanınız olsaydı, hansı sözləri seçərdiniz?
Əgər söhbət bizim şirkətdən – Bakcell-dən gedirsə, bu üç söz innovasiya, sürət və milli qürur olardı. Bu sözlər Bakcell-in bazar mövqeyini tam şəkildə əks etdirir:
- İnnovasiya – “Bakcell” telekommunikasiya sahəsində daim son dövr texnoloji yeniliklərə açıq şirkət olaraq bazarda öz mövqeyini qoruyur. İnnovasiya və süni intellekt əsaslı məhsul və xidmətlərin təqdim edilməsi, 5G texnologiyalarına keçid, müştəri təcrübəsinin rəqəmsallaşdırılması innovativ düşüncənin göstəricisidir.
2024-cü ildə həyata keçirilən rebrendinq çərçivəsində “Bakcell” süni intellekt həllərini məhsul inkişafı, strateji tərəfdaşlıqlar, kommunikasiya və müştəri əlaqələri sahələrinə inteqrasiya edərək, bir sıra yeni nəsil məhsul və xidmətlər təqdim edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Beləliklə, “Bakcell” innovasiyanı gündəlik istifadəçi təcrübəsinin ayrılmaz hissəsinə çevirərək, müştəriyönümlü inkişaf strategiyasını uğurla davam etdirir.
- Sürət – Telekommunikasiya sahəsində sürət yalnız texniki göstərici deyil. Xüsusilə rebrendinqdən sonra sürət anlayışı “Bakcell”in həm texnoloji, həm də təşkilati yanaşmasında daha qabarıq şəkildə özünü göstərir.“
Bakcell” üçün sürət həm də bazar dəyişikliklərinə operativ reaksiya, müştəri ehtiyaclarına tez uyğunlaşma qabiliyyətidir. Şirkət yüksək ötürmə qabiliyyətli internet xidməti ilə yanaşı, innovativ layihələrin sürətli icrası və çevik qərarvermə modeli ilə rəqabət mühitində fərqlənməyi bacarır.
- Milli qürur –“Bakcell” innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiyası və texnologiya ekosisteminin inkişafında yaxından iştirak edir. Yeni brend strategiyası və müştəriyönümlü yanaşması ilə şirkətimiz bu gün xüsusi olaraq Qarabağ və bütün Azərbaycan bölgələrində ən sürətli, innovativ məhsul və xidmətlərini təklif edir.
Əlavə olaraq, “Bakcell”in sosial məsuliyyət layihələridayanıqlılıq və korporativ sosial məsuliyyət (KSM) strategiyası əsas istiqamətlərindəndir. Bu istiqamətdə “Bakcell”in “YAŞAT Fondu” ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi təşəbbüslər xüsusi qeyd olunmalıdır. Şirkət daim gələcək nəsillərin inkişafı üçün sosial layihələr həyata keçirməyə davam edir və bu sahədə fəaliyyətini uğurla genişləndirir.
Bu üç söz – innovasiya, sürət və milli qürur – sadəcə marketinq şüarı deyil, “Bakcell”in gündəlik fəaliyyət fəlsəfəsini və uzunmüddətli vizionunu ifadə edir.
Sizin üçün liderlik daha çox dinləməkdir, yoxsa yönləndirmək? Niyə?
Mənim üçün liderlik həm dinləmək, həm də yönləndirməkdir. Deyərdim ki, bu nisbət 50/50-dir. Yalnız dinləməklə liderlik mümkün deyil, eyni şəkildə yalnız yönləndirməklə də uğurlu nəticə əldə etmək olmur.
Liderlik qarşılıqlı münasibətə əsaslanır. Bu münasibətin uğurlu olması üçün dinləmək və yön vermək arasında balans vacibdir. Lider yalnız öz fikrini deməklə deyil, başqalarının fikrini də eşitməklə dəyərli olur. Məhz bu yanaşma liderliyi daha davamlı və dayanıqlı edir.
Komandanıza motivasiya vermək üçün istifadə etdiyiniz qeyri-ənənəvi üsullar hansılardır?
Ən qeyri-ənənəvi, lakin effektiv üsullardan biri yalnız uğur deyil, səhvlər üzərindən də öyrənmək prinsipidir. Çünki uğur hekayələri çox vaxt paylaşılır, lakin səhvlərdən öyrənmək daha real və dəyərlidir.
Mən komandamla etdiyim səhvləri tam səmimi şəkildə bölüşürəm. Bu, onlara da motivasiya verir, çünki səhvlərdən çıxarılan dərslər inkişaf üçün əvəzsizdir. Təbii ki, uğurlar da paylaşılır, lakin motivasiyanın əsas mənbəyi real, dürüst və şəffaf təcrübədir.
“Bakcell”də biz buna “bold” deyirik – cəsarətli olmaq. Heç bir limit və ya məhdudiyyət tanımadan irəli getməliyik. Əgər bir hədəfimiz varsa və ona inanırıqsa, yolumuza davam etməliyik. Bu ruh komandanı daim motivasiya edir.
PR və kommunikasiya olmasaydı, hansı sahədə özünüzü görərdiniz?
Əgər gələcəkdə daha dərin ixtisaslaşma və ya akademik inkişaf haqqında düşünərdimsə, iki sahədən birini seçərdim: dayanıqlılıq (sustainability) və ya korporativ idarəetmə (corporate governance).
Bu iki sahə bir-birini tamamlayır, hər ikisi strateji planlama və etik liderliyin əsasını təşkil edir. Hazırda hər iki sahəyə marağım var, lakin yaxın gələcəkdə onlardan birində ixtisaslaşmağı düşünürəm.
Öyrənməyə davam etdiyiniz bir həyat dərsi varmı?
Ən vacib həyat dərslərimdən biri – kiçik qələbələri qeyd etməyin əhəmiyyətini dərk etmək olub.
Bəzən hər şeyi kökündən dəyişmək istəyirəm və bu, böyük hədəflərə fokuslanmağıma səbəb olur. Amma zamanla anladım ki, böyük dəyişikliklər bir anda olmur. Kiçik uğurlar böyük nəticələrə aparan yoldur və onları görmək, dəyərləndirmək vacibdir.
Sizcə, uğurlu karyera və xoşbəxt ailə həyatını necə tarazlaşdırmaq olar? Sizin reseptiniz nədir?
Bu sual mənə ən çox verilən suallardandır. Məncə, əgər insan həm ailə həyatından, həm də karyerasından zövq alırsa, onları rahatlıqla tarazlaşdıra bilər.
Hər kəsin həyat tərzi və prioritetləri fərqlidir. Mənim üçün ailə və iş bir-birini tamamlayan iki vacib hissədir. Həyatımda heç vaxt uzunmüddətli fasilə verməmişəm – üç övladım da karyeramla paralel böyüyüb və bu prosesdə heç bir çətinlik hiss etməmişəm.
Əsas odur ki, insan öz rolunda xoşbəxt olmağı bacarsın. Həmçinin, ikinci dərəcəli məsələləri deliqasiya etmək də balans yaratmaq üçün vacibdir. Məsələn, ev işlərini başqasına həvalə edirəm, çünki bu mənim üçün önəmli deyil, amma uşaqlarımla vaxt keçirmək və yemək bişirmək mənə zövq verir – bunları özüm görürəm.
21/06/2025