Müsahibə - Emil Ağamaliyev - Biznes portal Finance Time





Müsahibə - Emil Ağamaliyev


Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
Qısa olaraq özüm haqqında bildirim ki, sığorta sahəsində fəaliyyətə 2010-cu ildən başlamışam. Uzun müddət aktuari və məsul aktuari kimi fəaliyyət göstərmişəm.

Daha sonra Meqa Həyat Sığorta şirkətində İdarə Heyəti sədrinin müavini və 2023-cü ildən isə İdarə Heyətinin sədri vəzifəsində çalışıram.

Emil bəy, ilk öncə istərdik şirkətinizin fəaliyyəti haqqında ümumi məlumat verəsiniz, həmçinin 2024-cü ilin yekunları barədə danışaq.

Meqa Həyat Sığorta Şirkəti 2021-ci ildən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının həyat sığortası sahəsində verdiyi müddətsiz lisenziya əsasında fəaliyyət göstərir. Artıq 4 ildir ki, şirkətimiz həyat sığortasının bütün növləri üzrə ölkə vətəndaşlarına, eləcə də hüquqi şəxslərə yüksək keyfiyyətli və etibarlı xidmətlər təqdim edir.

Hazırda komandamız 90 nəfərə yaxın əməkdaşdan ibarətdir. Şirkətimizdə həm təcrübəli mütəxəssislərdən, həm də gənc və perspektivli kadrlardan ibarət olmaqla peşəkar, dinamik və güclü komanda ruhuna malik bir struktur formalaşıb. Fürsətdən istifadə edərək, şirkətimizin inkişafına verdikləri dəyərli töhfələrə görə bütün əməkdaşlarımıza təşəkkür edirəm. Onların peşəkarlığı, məsuliyyəti və əzmi nəticəsində 2024-cü il üzrə qarşıya qoyduğumuz strateji hədəflərə böyük ölçüdə nail olduq.

Əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də Meqa Həyat Sığorta Şirkəti sektorun ən dinamik inkişaf edən şirkətlərindən biri oldu. Ötən il ərzində sığorta haqları üzrə yığımlarımız 2 dəfədən çox artaraq 11,5 milyon manata çatdı. Bu uğurların qazanılmasında bizə etimad göstərən bütün müştərilərimizə və partnyorlarımıza təşəkkür edirəm.

Ən sevindirici məqamlardan biri isə sığorta haqlarının növlər üzrə diversifikasiyası ilə bağlıdır. Belə ki, portfelin strukturuna nəzər saldıqda, heç bir məhsulun xüsusi çəkisi 40%-dən artıq təşkil etmir. Bu fakt bir daha göstərir ki, şirkətimiz yalnız bir məhsul üzərində deyil, müxtəlif istiqamətlərdə balanslı və dayanıqlı inkişaf yolunu seçmişdir. Belə yanaşma risklərin effektiv idarə olunması və dəyişən bazar tələblərinə çevik adaptasiya baxımından bizim üçün böyük əhəmiyyət daşıyır.

2024-cü il bizim üçün yalnız maliyyə göstəriciləri ilə deyil, eyni zamanda daxili inkişaf və infrastruktur baxımından da önəmli mərhələ oldu. İl ərzində şirkət strukturu daha da təkmilləşdi, informasiya texnologiyaları üzrə infrastruktur gücləndirildi, bir sıra innovativ həllər tətbiq edildi və Kredit Həyat Sığortası kimi mühüm bir layihə uğurla həyata keçirildi.

Bildirim ki, 2024-cü ildə xidmət şəbəkəsinin genişlənməsi məqsədilə həm Mərkəz Filialımızın, həmçinin ilk dəfə olaraq Qarabağ iqtisadi rayonunda – Xankəndi şəhərində yeni filialımız fəaliyyətə başlayıb. İşğaldan azad olunmuş torpaqlarda sığorta sahəsi üzrə ilk filialın istifadəyə verilməsi bizim üçün həm qürurverici, həm də dərin mənəvi əhəmiyyət daşıyan hadisə oldu. Bu günləri bizə yaşadan şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik, qəhrəman əsgərlərimizə və dövlətimizə sonsuz təşəkkür edirik.

Filialımızın açılmasında əsas məqsədimiz, doğma torpaqlarımızda iqtisadiyyatın canlanmasına töhfə vermək, dayanıqlı maliyyə və sığorta xidmətləri yaratmaqdır. Bu, bizim üçün sadəcə biznes genişlənməsi deyil, həm də sosial məsuliyyətin bir parçasıdır.



Yeri gəlmişkən, bildiyimiz qədər, ötən il Kredit Həyat sığortasının tətbiqi ilə bağlı yeni normativ qayda qüvvəyə mindi və bir sıra yeniliklər həyata keçirildi. Bu sığorta növünün sığorta sektorunun inkişafına necə təsir edəcəyini düşünürsünüz?

Bəli, ötən il fiziki şəxslərə verilən kreditlər üzrə kredit götürən şəxslərin həyat sığortası ilə təminatının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yeni tənzimləyici qayda qüvvəyə mindi. Bu qaydanın tətbiqini mən üç əsas istiqamətdə faydalı hesab edirəm.

İlk növbədə, bu dəyişiklik kredit götürən şəxslərin maliyyə təhlükəsizliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Belə ki, vətəndaşlar cüzi sığorta haqqı ödəməklə, hər hansı bədbəxt hadisə və ya xəstəlik nəticəsində həyat və sağlamlıqlarını itirdiyi halda onların kredit borcu ailə üzvlərinə miras qalmır. Bu halda, Kredit Həyat sığortası müqaviləsinə əsasən, borc məbləği sığorta şirkəti tərəfindən ödənilir ki, bu da sosial baxımdan çox önəmli bir addımdır.

İkinci olaraq, bu sığorta növü banklar və digər kredit təşkilatları üçün də mühüm üstünlüklər yaradır. Belə ki, bu maliyyə qurumları yarana biləcək potensial riskləri sığorta şirkətlərinə transfer etməklə öz portfellərini daha dayanıqlı və riskə davamlı hala gətirirlər. Bu, xüsusilə risklərin effektiv idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Üçüncü və daha geniş prizmadan baxdıqda, bu təşəbbüs bankassurance – yəni banklar vasitəsilə sığorta məhsullarının təqdim olunması sahəsində çox uğurlu bir model oldu. Həyat sığorta şirkətləri ilk mərhələdə kredit həyat sığortasının daha əlçatan olması üçün banklarla sistem inteqrasiyalarını həyata keçirdi. Bu texnoloji uyğunlaşma həm Kredit Həyat sığortasının geniş kütləyə çatdırılması, həm də gələcəkdə digər sığorta məhsullarının da bank kanalı ilə təqdim edilməsi baxımından çox önəmli təcrübə oldu.

Eyni zamanda, bu proses həyat sığortası bazarının dərinləşməsi və fərdi məhsulların inkişafı baxımından da müsbət təsir göstərməkdədir. Əminliklə deyə bilərəm ki, bu layihənin tətbiqi mərhələsində istər banklarla texniki inteqrasiyanın həyata keçirilməsi, istərsə də müştərilərə xidmətin operativ və keyfiyyətli təqdim olunması baxımından Meqa Həyat Sığorta Şirkəti uğurla fəaliyyət göstərir və bu istiqamətdə işləri davam etdirir.



Qarşıdakı illərdə həyat sığorta sektorunun inkişaf perspektivləri barədə nə deyə bilərsiniz? Şirkətinizdə hansı yeniliklər gözlənilir?

Qeyd etmək istərdim ki, həyat sığortası sektorunun davamlı inkişafı həm korporativ, həm də fərdi könüllü həyat sığortası məhsullarının tətbiqinin genişləndirilməsi ilə mümkündür. Daha əvvəl də vurğuladığım kimi, bankassurance modelinin inkişafı bu sahənin genişlənməsi üçün ciddi imkanlar yaradır. Bank kanalları vasitəsilə sığorta məhsullarının daha geniş auditoriyaya çatdırılması, bazarın şaxələndirilməsi və məhsul çeşidlərinin artırılması baxımından böyük potensiala malikdir.

Xüsusilə Kredit Həyat sığortasının tətbiqi nəticəsində əldə olunan müsbət təcrübə, gələcəkdə digər könüllü həyat sığortası növlərinin inkişafı üçün mühüm stimul olacaq. Bu, bazarda həm maarifləndirmənin artmasına, həm də müştəri davranışlarında müsbət dəyişikliklərə səbəb olacaqdır.

Digər bir perspektiv isə investisiya elementli həyat sığortası məhsullarıdır. Bu məhsullar yalnız sığorta təminatı ilə kifayətlənmir, eyni zamanda müştərilərə maliyyə planlaması və uzunmüddətli yatırım imkanı təqdim edir. Hesab edirəm ki, qarşıda bu istiqamətdə ciddi irəliləyişlər müşahidə olunacaq və bu növ məhsullar həyat sığortasına marağı daha da artıracaq.

Şirkətimizdə isə bu il fərdi həyat sığortası üzrə yeni məhsul – “Güvənli Həyat” sığorta məhsulu təqdim olunub. Bu məhsulun əsas üstünlüyü odur ki, nisbətən aşağı sığorta haqqı ilə müştərilər həm həyatın itirilməsi halına, həm də kritik xəstəliklərə qarşı sığorta təminatı əldə edirlər. Məhsul üzrə müqavilələr həm fərdi qaydada, həm də hüquqi şəxslər tərəfindən əməkdaşları üçün ümumi formada bağlanıla bilər.

Hazırda isə "Güvənli Həyat" məhsulunun tam onlayn şəkildə əldə olunmasına imkan verən rəqəmsal platformanın üzərində intensiv işlər aparılır. Məqsədimiz bu və digər məhsulları müştərilərə daha əlçatan, rahat və şəffaf şəkildə təqdim etməkdir. Bu, həm müştəri təcrübəsinin artırılması, həm də rəqəmsallaşmanın təşviqi baxımından bizim üçün vacibdir.

Bildiyiniz kimi, rəqəmsallaşma və süni intellektin tətbiqi bu günün ən aktual tendensiyalarındandır. Bu texnologiyalar həm gündəlik həyatımıza, həm də biznes mühitinə yeni çağırışlar gətirir. Meqa Həyat Sığorta olaraq biz də xidmət keyfiyyətinin artırılması, daxili proseslərin optimallaşdırılması və rəqabətə davamlılığın təmin edilməsi məqsədilə bu sahələri daim diqqətdə saxlayırıq.



2025-ci il üçün əsas hədəfləriniz nədir?

Bildirim ki, ötən il şirkətimizdə 2024-2026-ci illəri əhatə edən strateji plan hazırlanıb. 3 illik strategiyamıza əsasən əsas hədəflərimiz könüllü həyat sığortası sahəsinin inkişafı, şirkətin daha geniş auditoriyaya tanıdılması, eyni zamanda, xidmət keyfiyyətinin artırılması, yeni texnologiyaların tətbiqi və müştəri təcrübəsinin rəqəmsal həllərlə zənginləşdirilməsidir. Həmçinin korporativ idarəetmənin daha da təkmilləşdirilməsi, şirkətin bazar payının artımı kimi məsələrdə də strateji planımızda öz əksini tapıb.

Daha öncə bildirdiyim kimi texnoloji transformasiya artıq təkcə seçim deyil, zərurətə çevrilib. Buna görə də qarşıdakı dövrdə həm daxili proseslərin optimallaşdırılması, həm də müştərilərlə əlaqənin sürətli və effektiv qurulması üçün rəqəmsal alətlərin daha da genişləndirilməsi üzərində işləyəcəyik.

Bundan başqa qarşıdakı dövrdə xidmət şəbəkəsinin genişləndirilməsi, bankassurance kanalı üzrə işlərin daha da gücləndirilməsi və sığorta vasitəçiləri ilə işin inkişaf etdirilməsi də əsas hədəflərimizdəndir.



Sonda oxucularımıza nə demək istəyərdiniz?

İlk növbədə fürsətdən istifadə edib, bizə etimad edən və fəaliyyətimizə maraq göstərən hər kəsə təşəkkürümü bildirmək istərdim. Sığorta sektoru, xüsusilə həyat sığortası insanların gələcəyini düşünməyə, riskləri öncədən dəyərləndirməyə və yaxınlarını qorumağa imkan verən çox önəmli bir sahədir. Bu sahədə atılan hər bir addım, təqdim olunan hər bir məhsul əslində ailələr üçün güvən, cəmiyyət üçün isə dayanıqlı maliyyə sistemi deməkdir.

Meqa Həyat Sığorta olaraq bizim əsas məqsədimiz – müştərilərimizin və tərəfdaşlarımızın ehtiyaclarına uyğun, şəffaf, etibarlı, əlçatan və müasir xidmətlər təqdim etməklə, sığorta sahəsinin inkişafına töhfə verməkdir. Gələcəyə inamla baxmaq, riskləri zamanında sığortalamaq və ailəmizi təhlükəsiz gələcək üçün qorumaq hər birimizin üzərinə düşən məsuliyyətdir.

Oxucularımıza sağlam, təhlükəsiz və uğurlu bir həyat arzulayıram.


01/05/2025


     



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment