Uğur hekayəsi - Hökümə Kərimova - Biznes portal Finance Time





Uğur hekayəsi - Hökümə Kərimova


Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
Hökümə Kərimova, şirkətin reputasiyasının idarə olunması, tərəfdaşlarla kommunikasiya və strateji tədbirlərin planlaşdırılmasına cavabdehdir.

Daha əvvəl o, YARAT Müasir İncəsənət Məkanında PR direktoru, Portuqaliya Ofisinin direktoru və Junior Achievement Azerbaijan təşkilatının icraçı direktoru vəzifələrində çalışmışdır.

Hökümə xanım ADA Universitetində müəllimdir və bir sıra beynəlxalq platformalarda Azərbaycanı uğurla təmsil edib. O, Marketinq və Kommunikasiya üzrə MBA dərəcəsinə (ADA Universiteti, 2015), eləcə də ABŞ-ın Wartburg Universiteti və Azərbaycanın Xəzər Universitetində aldığı iki bakalavr dərəcəsinə malikdir. Eyni zamanda, o, ATƏT Yay Akademiyasının (Avstriya) məzunu, CAMCA 2025 proqramının məzunu, və UN Global Compact Leaders Summit 2024 tədbirinin iştirakçısıdır.

Hökümə x, ən ilk uğur hissini nə vaxt yaşamısınız və o hiss sizə nə öyrətdi?

İlk uğur hissini xatırlamaq üçün illər öncəyə getməli oldum. Yadımdan çıxmayan ən böyük ilk uğur hissini 2004-cü ildə Amerikada fellowship qalibi olduğum zaman yaşamışam. O vaxt xaricdə təhsil layihələri hələ yeni-yeni icra olunurdu və belə bir imkana sahib olmaq çox nadir fürsət idi. Telefonda “siz finalçısınız” sözlərini eşitdiyim anın həyəcanı bu gün də qulaqlarımdadır. Telefonu yerə qoyub anamı qucaqlamışdım və xeyli müddət özümə gələ bilməmişdim.

İlk dəfə mübadilə proqramı ilə Amerikaya, Florida ştatında bir məktəbdə oxumağa yollanırdım. Fərqli dünya, gözləntilərim, həyəcan – hamısı bir-birinə qarışmışdı. Özümü özüm qarşısında sanki imtahan etmişdim.

Bu təcrübə mənə öyrətdi ki, özünə inamlı olmaqdan əlavə, qarşıya çıxan fürsətlərə tənbəllik etmədən açıq olmaq, onları vaxtında dəyərləndirmək və uğrunda məqsədyönlü çalışmaq uğurun ən önəmli açarıdır. Digər öyrəndiyim və bu günə qədər hər zaman əmin olduğum dərslərdən biri isə hədəfə doğru addımlayarkən ona çatacağına şübhə etməməkdir. Uğurun rəsmini gözlərinin önündə çizməlisən və əmin olmalısan ki, sən bunu bacaracaqsan.



Sizi ən çox dəyişdirən və formalaşdıran təcrübə hansı olub?

Məni dəyişdirib formalaşdıran amilləri tək bir təcrübəyə bağlamazdım. Mənə elə gəlir ki, istər şəxsi həyatımızda, qurduğumuz dostluqlarda, istərsə də karyera yolunda olsun, həyatın qarşıya çıxardığı hər bir təcrübə – uğurlu və ya çətinliklərlə dolu, hətta çox kiçik bir hadisə belə – bizi dəyişdirir və formalaşdırır.

Həyatımızın fərqli mərhələlərində bəzən böyük hadisələr vasitəsilə strateji düşünməyi öyrənirik, bəzən isə sadə, balaca bir söhbət insanlara olan empatiya hissimizi dərinləşdirir. Bu yaşıma qədər ən çətin anlarda dözümlü olmağı, ən gözəl uğurlarımda isə sadəcə nəticədən zövq almağı deyil, həm də ona aparan prosesi qiymətləndirməyi öyrənmişəm. Mənim üçün hər təcrübə özümə gedən yolda bir addım olub və bu addımların hamısı birlikdə bugünkü kimliyimi formalaşdırıb.



Uğurlu olmaq üçün sadəcə bacarıq kifayət edirmi? Əgər yoxsa, nə lazımdır?

Uğurlu olmaq üçün təkcə bacarıq kifayət etmir. Bacarıqlı olmaq özlüyündə dəyərli keyfiyyətdir, amma onu daha da gücləndirən seçdiyin sahə üzrə dərin bilik və peşəkarlıqdır. Mən hətta deyərdim ki, bacarıqlı olmaq və bilikli olmaq – dilinə görə dilçəyinin olması, atalar demişkən – ən gözəlidir.

Bacarığın tətbiq olunacağı zəmin möhkəm olmazsa, nəticə də davamlı ola bilməz. Seçdiyin sahənin peşəkarı olmaq, daim öyrənmək və biliklərini bacarıqlarınla sintez edə bilmək ən dayanıqlı və uzunmüddətli uğur yoludur. Üstəlik, bu yolda intizam, məsuliyyət, uyğunlaşmaq bacarığı və insanlarla sağlam münasibətlər qurmaq da bacarığı dəyərə çevirən əsas amillərdəndir.



Sizi bu günə qədər qoruyan və yol göstəriciniz olan bir prinsip varmı?

Dürüstlük və şəffaflıq mənim üçün ən önəmli yol göstəricilərimdir. PR sahəsində çalışarkən başa düşürsən ki, etibarlılıq qazanmaq heç bir taktika ilə mümkün deyil; yalnız açıq, dürüst və səmimi ünsiyyət insanlarda inam yaradır. Hər bir kampaniya, layihə və ya kommunikasiya qərarında bu prinsipi rəhbər tutmaq mənə həm strateji qərarlar verməkdə, həm də həmkarlarım və tərəfdaşlarla sağlam, davamlı münasibətlər qurmaqda yol göstərir.

Səmimiyyət burada xüsusilə önəmlidir: rəqəmsallaşan dünyamızda yaşam sürəti nə qədər çox olsa da, insanlar yalnız sözlərə deyil, həm də niyyətə önəm verirlər. Səmimi olmaq, hadisələri öz adı ilə adlandırmaq hər zaman çətin situasiyalarda doğru qərar verməyimə kömək edib və nəticədə etimad qazanmağıma dəstək olub. Bu prinsip mənim peşəkar standartımdır.



Gənc xanımlara verə biləcəyiniz ən real və içdən motivasiya cümləsi nə olardı?

Gənc xanımlara demək istərdim ki, həyatda nə istədiyinizi bilin. Bunun üçün özünüzü tanımağa, güclü və zəif tərəflərinizi kəşf etməyə vaxt ayırın. Özünü dərk etmək sizə doğru seçimlər etməyə, öz yolunuzu tapmağa və həm şəxsi, həm də peşəkar həyatda uğur qazanmağa imkan verəcək.



Ailədən aldığınız hansı dəyər bu günkü fəaliyyətinizə ən çox təsir edir?

Mənim üçün ailədən aldığım ən böyük dəyərlərdən biri ön yarqısız olmaq, hər situasiyaya obyektiv və qarşıdakının prizmasından baxmağa çalışmaqdır. Əlbəttə ki, dinləmək bacarığı da həm şəxsi, həm də peşəkar həyatımda yol göstəricim olub. Bu dəyərlər mənə komandalarla işləyərkən daha anlayışlı, tərəfdaşlarla münasibətlərdə isə daha səmimi və balanslı olmağa imkan verir.


05/09/2025


     



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment