Uğur hekayəsi - Aida Əliyeva - Biznes portal Finance Time





Uğur hekayəsi - Aida Əliyeva


A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
17 yanvar 1988-ci ildə pedaqoq və aviator ailəsində anadan olub. Anası Bakı Dövlət Universitetinin dosenti, atası isə Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenantdır.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub.  2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə UNEC-in yeni tədris korpusunun açılış mərasimində universiteti nümunəvi tələbə kimi təmsil edib. Magistratura təhsilini də fərqlənmə diplomu ilə bitirmiş, hazırda isə PhD dissertasiya üzərində çalışır.

2008-ci ildə AZAL-da iqtisadçı kimi fəaliyyətə başlayıb. Daha sonra Silk Way Travel şirkətində fəaliyyət göstərərək komandanın tərkibində Azərbaycanda turizm agentlikləri üçün ilk B2B onlayn bronlaşdırma istiqamətinin yaradılmasında, eləcə də otel və qrup turlarının onlayn bronlaşdırılması sistemlərinin tətbiqində iştirak edib.

2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) turizm ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir. 2023-cü ildən etibarən Bakı Dövlət Universitetində də pedaqoji fəaliyyətini davam etdirir.

2019-cu ildə A Lines MICE & Leisure Travel şirkətini təsis edib. Şirkət fərdi, korporativ və MICE turizmi sahəsində fəaliyyət göstərir. 2023-cü ildən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Getmə Turizm Komitəsinin sədri vəzifəsini icra edir. Bu fəaliyyət çərçivəsində ölkəmizdə turizm sektorunun inkişafı, peşəkar əməkdaşlığın gücləndirilməsi və sahənin inkişafına yönəlmiş təşəbbüslərdə fəal iştirak edir.

2023-cü ildə turizm sahəsinin inkişafına verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən "Fəxri Fərman" ilə təltif olunub. Uşaq yaşlarımdan milli rəqslərlə məşğul olmuş, Heydər Əliyev Sarayında keçirilən dövlət və prezident konsertlərində ansamblın tərkibində çıxış edib. Eyni zamanda skripka ixtisası üzrə musiqi məktəbini bitirib.

Peşəkar fəaliyyəti boyunca turizm, rəqəmsal texnologiyalar, onlayn bronlaşdırma sistemləri, Agile, layihələrin idarə olunması, liderlik və peşəkar inkişaf sahələrində çoxsaylı yerli və beynəlxalq təlimlərdə iştirak etmiş, müvafiq sertifikatlar əldə edib.

Bu gün 17 ildən artıqdır ki, sahibkarlıq, pedaqoji və ictimai fəaliyyətimi uğurla birləşdirərək Azərbaycanın turizm sektorunun inkişafına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və gələcək turizm mütəxəssislərinin hazırlanmasına öz töhfəsini verməyə davam edir.




Aida x.,7 il əvvəl “Alines Turizm”i qurarkən bu günə gələcəyinizi təsəvvür edirdinizmi?

Bəli, inanırdım. Şirkəti qurarkən qarşıma böyük bir məqsəd qoymuşdum və həmin məqsədə doğru inamla addımlayırdım. Əlbəttə, bu yolun necə olacağını, qarşıma hansı çətinliklərin çıxacağını bilmirdim. Amma bir şeyi dəqiq bilirdim: əgər insan öz işini sevərək, vicdanla və əzmlə çalışırsa, gec-tez uğur qazanacaq. Bu gün geriyə baxanda böyük qürur hissi keçirirəm. Çünki o gün qurduğum arzunun bu gün gerçəyə çevrildiyini görürəm."


Başlanğıcda sizi ən çox təəccübləndirən şey nə oldu — müştərilər, yoxsa bazar özü?

Ən çətin tərəf bazar idi. Çünki həmin vaxt bazarda artıq illərlə fəaliyyət göstərən, böyük ofisləri, böyük komandaları və tanınmış adları olan şirkətlər var idi. Mən isə yolun əvvəlində idim. Əslində, A Lines həmin vaxt bir nəfərin böyük arzusu idi.

Amma mən heç vaxt bu yolda tək olmamışam. Ailəm ilk gündən mənə inandı və hər zaman ən böyük dayağım oldu. Dostlarım daim "Səndə hər şey alınacaq" deyərək mənə güc verdilər. Ən böyük motivasiyam isə müştərilərim oldu. Onların mənə olan etimadı və sədaqəti bu günə qədər mənim üçün ən böyük sərvətdir. Çox vaxt mənə deyirdilər: "Sən haradasansa, biz də oradayıq." Bu sözlər mənə daha çox məsuliyyət verir, daha yaxşı işləməyə ruhlandırırdı.

Düşünürəm ki, A Lines-in bu günə gəlib çatmasının ən əsas səbəbi də məhz insanların sevgisi, etibarı və dəstəyidir.



Bu illər ərzində şirkətin ən çətin, amma dönüş yaradan anı hansı olub?

Ən çətin dövr, heç şübhəsiz ki, pandemiya idi. Şirkəti qurduqdan cəmi bir neçə ay sonra dünya dayandı. Amma mənim üçün dayanmaq heç vaxt seçim olmayıb. Mən hər zaman mübarizə aparmışam, Allaha güvənmişəm və yoluma davam etmişəm.

Pandemiya dövründə sadəcə gözləmədim. Bu zamanı özümə sərmayə qoymaq üçün fürsətə çevirdim. Onlayn təlimlərdə iştirak etdim, inkişaf kitabları oxudum, yeni biliklər qazandım. Bilirdim ki, həyat yenidən öz axarına qayıdacaq və mən o günə hazır olmalıyam.

O dövrdə insanların həyatını itirdiyini, ailələrin ağır günlər yaşadığını görürdüm. Bu mənə bir daha xatırladırdı ki, həyatda ən böyük dəyər sağlamlıq, həyat və sahib olduqlarımıza görə şükür etməkdir. Mən hər gün Allaha şükür edir, ümidimi heç vaxt itirmir və öz üzərimdə çalışmağa davam edirdim. Həmişə yalnız yaxşı günlərin gələcəyinə inanırdım. Bu gün geriyə baxanda anlayıram ki, məhz həmin dövr mənə daha güclü olmağı, səbir etməyi və hər vəziyyətdə inkişaf etməyi öyrətdi.



Bu 7 il ərzində liderlik yanaşmanız necə dəyişdi?

17 illik peşəkar fəaliyyətim ərzində bir şeyi çox yaxşı anladım: xoşbəxt komanda olmadan böyük uğur qazanmaq mümkün deyil. Karyeram boyunca özümün yaşadığım çətinlikləri əməkdaşlarım yaşamasın deyə hər zaman çalışmışam. İstəmişəm ki, onlar özlərini dəyərli hiss etsinlər, rahat və sağlam iş mühitində çalışsınlar, işə sevə-sevə gəlsinlər. Bu gün mənim üçün liderlik yalnız nəticə əldə etmək deyil. Liderlik insanlara qayğı göstərmək, onlara inanmaq, inkişaf etmələri üçün şərait yaratmaq və birlikdə böyümək deməkdir.


Unutmadığınız bir müştəri hekayəsi varmı ki, hələ də danışanda gülümsəyirsiniz?

Belə hekayələr çoxdur. Amma biri var ki, hər dəfə xatırlayanda gülümsəyirəm.

Şri-Lankaya təşkil etdiyimiz qrup turunda dostumuz Asif mənə böyük bir sirr etibar etmişdi. O, evlilik təklifi edəcəyi üzüyü mənə verdi və xahiş etdi ki, bunu səfərin sonuna qədər gizli saxlayım. Təsəvvür edin, tranzit uçuşlar, bir neçə gün səyahət və bütün bu müddət ərzində üzüyü özümlə daşıyırdım ki, Yuliya heç nə hiss etməsin.

Evlilik təklifinin məkanını isə mən təklif etmişdim — möhtəşəm Sigiriya qayasının zirvəsini. Ora çatmaq üçün minə yaxın pilləkən qalxmalı idik. Mən isə həm o sirri son ana qədər qorumalı, həm də hər şeyin düzgün alınmasına çalışmalı idim ki, həmin an həqiqətən də ömürboyu xatırlanacaq bir xatirəyə çevrilsin.

Nəhayət zirvəyə çatdıq və Asif Yuliyaya evlilik təklifi etdi. Yuliyanın üzündəki təəccüb və xoşbəxtlik hissi sözlə ifadə olunacaq kimi deyildi. O anı yaşayan hər kəs üçün bu, unudulmaz bir xatirə oldu. Belə anlarda anlayıram ki, biz sadəcə səyahət təşkil etmirik. Bəzən insanların həyatındakı ən xoşbəxt anların da bir parçasına çevrilirik.



A Lines Turizm üçün bu günə qədər yazılmış hekayənin ən vacib cümləsi nədir?

Mən deyərdim ki: "Biz sadəcə səyahət təşkil etmirik. Biz insanlara rahatlıq, güvən və unudulmaz xatirələr bəxş edirik."

Çünki hər insan fərqli məqsədlə səyahət edir. Kimsə istirahət üçün, kimsə işgüzar görüşlərə, yeni əməkdaşlıqlara və müqavilələrə, kimsə müalicə üçün, kimsə isə alış-veriş və ya sadəcə yeni dünyalar kəşf etmək üçün yola çıxır.

Bizim missiyamız isə onların məqsədi nə olursa-olsun, bütün səyahəti elə təşkil etməkdir ki, onlar heç bir əlavə qayğı haqqında düşünməsinlər. Bütün diqqətlərini yalnız öz məqsədlərinə yönəldə bilsinlər.

Əgər səyahətin sonunda müştərimiz "Hər şey mükəmməl idi, mən sadəcə səyahətimin dadını çıxardım" deyirsə, deməli biz öz işimizi düzgün görmüşük. Çünki bizim üçün ən böyük uğur yalnız yaxşı təşkil olunmuş səfər deyil, insanların evə gözəl xatirələr, xoş emosiyalar və məmnunluq hissi ilə qayıtmasıdır.



Süni intellektin turizm sənayesində qərarvermə prosesini sürətləndirdiyi bir dövrdə, “A Lines Turizm” insan təcrübəsi ilə texnologiya arasında balansı necə qoruyur?

Bu gün süni intellekt və rəqəmsal texnologiyalar turizm sahəsində bir çox prosesi sürətləndirir. Xüsusilə də məlumatların axtarılması, təhlili və düzgün informasiyanın daha qısa zamanda əldə olunması baxımından onların rolu böyükdür.

Amma mən inanıram ki, texnologiya nə qədər inkişaf etsə də, insan amilini əvəz edə bilməz. Xüsusilə turizm sahəsində.

Çünki hər bir müştərinin məqsədi, gözləntisi və ehtiyacı fərqlidir. Onu dinləmək, vəziyyətini anlamaq, doğru sualları vermək və ən uyğun həlli təklif etmək yalnız insanın bacardığı bir işdir. Məhz buna görə A Lines-də fərdi yanaşma sadəcə deyilən bir söz deyil, gündəlik fəaliyyətimizin əsas prinsipidir. Biz texnologiyadan işimizi daha operativ və daha dəqiq görmək üçün istifadə edirik, amma müştərilərimizlə qurduğumuz etibar, ünsiyyət və qayğı həmişə insan münasibətlərinə əsaslanır.


07/07/2026


     



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment