Uğur hekayəsi - Sənan Həsənov - Biznes portal Finance Time





Uğur hekayəsi - Sənan Həsənov


Peşəkar ICF PCC Kouç və Təlimçi
15 ildən artıq bank sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışmış, 2013-cü ildən təlim və məsləhət şirkətinin həmtəsisçisi olaraq yerli və xarici şirkətlərə, o cümlədən Qazaxstan və Özbəkistan dövlət qurumlarına effektiv kommunikasiya və zamanın idarə olunması kimi mövzularda təlimlər keçmişdir.

Peşəkar marketinq direktoru olaraq NİMA Marketinq A və B beynəlxalq sertifikasiyasına malikdir.

2016-cı ildən bank sektorundan ayrılaraq beynəlxalq kouç və təlimçi kimi karyerasını qurmağa başlamış, baş ofisi Kanadada yerləşən və dünyanın 65-dən çox ölkəsində təmsil olunan nüfuzlu "Erickson Coaching International" institutunun Azərbaycan nümayəndəsi olmuşdur.

ICF tərəfindən akkreditasiya olunmuş 2500 saatdan artıq təcrübə ilə Peşəkar Akkreditasiyalı Kouç (ICF PCC) statusunda ölkənin aparıcı şirkət rəhbərlərinə, holdinqlərə və fərdi sahibkarlara kouç və təlim xidmətləri göstərir.

Kouçluq üzrə dünyanın müxtəlif ölkələrində 300 saatdan artıq təlim almışdır. Hazırda ICF PCC akkreditasiyalı Peşəkar Kouç və Təlimçi olaraq fəaliyyət göstərir. Əsas fəaliyyət istiqaməti özünü inkişaf etdirib, məqsədlərinə nail olmaq istəyənlərə bu sahədə dəstək olmaqdır.




Kouçluq prizmasından


Sənan bəy, Kouçluq sahəsinə necə gəldiniz?

Təxminən 35 yaşım var idi, bankda çalışırdım və həyatımda hər şey stabil davam edirdi. Zahirən heç bir problem yox idi, amma daxilimdə bir hiss vardı — sanki nəyisə dəyişmək lazım idi. Ancaq nəyi və necə sualları uzun müddət cavabsız qalmışdı.

Məhz həmin anda kouçluq mənim həyatıma daxil oldu və daxildə cavabsız qalan həmin suallara cavab tapmağa dəstək oldu.

Bu gün geriyə baxarkən deyirəm ki, yaxşı ki, həyatımın məhz o anında kouçluq texnologiyası ilə rastlaşdım. Sonradan bu yanaşmanın öz həyatımda gətirdiyi fayda sayəsində onu bir peşəyə çevirdim, çünki gördüm ki, insanın öz cavabını içəridə tapması ona kənardan verilən hazır cavabdan qat-qat güclü təsir edir.

İnsanlar adətən problemi həll etməyə çalışırlar. Kouç isə sual verir. Bu iki yanaşma arasında hansı fundamental fərq var?

Məşhur hekayədə deyildiyi kimi, problemi həll edən, hazır cavablar verən insan qarşısındakına balıq verir. Kouçluq isə balıq tutmağı öyrədir — insana öz düşüncə tərzini araşdırmağı, öz sualları ilə düşünməyi öyrədir. Fərq elə bundadır: hazır cavab müvəqqəti rahatlıq gətirir, düzgün və dərin sual isə insanı içəridən dəyişir.

Dərin sual insanı adət etdiyi cavabların arxasına baxmağa, uzun müddət görmədiyi ehtimalları kəşf etməyə vadar edir. Mənim təcrübəmdə də gördüyüm odur ki, bəzən bir yaxşı sual insanın illərlə üzərindən keçib getdiyi həqiqəti bir anda ona göstərə bilir, çünki bu zaman cavab kənardan gəlmir, insanın öz içərisində oyanır və məhz buna görə də uzunömürlü olur.



Bir insanın həqiqətən dəyişməyə hazır olduğunu hansı əlamətlərdən anlayırsınız?

Əslində insanın kouç sessiyasına və ya kouçluq təliminə gəlməsinin özü artıq bir hazırlıq əlamətidir. Demək ki, insan öz daxili dünyasını dərindən araşdırmağa, özü ilə üzləşməyə hazırdır — və bu, böyük bir cəsarətdir. Ən aydın əlamət odur ki, insan artıq başqalarını və şəraiti günahlandırmağı dayandırır, üzünü özünə çevirir və məsuliyyəti öz üzərinə götürür.

Dəyişməyə hazır insan narahatlıqdan qaçmır, əksinə, öz həqiqəti ilə üzləşməyin verdiyi diskomforta razı olur, çünki bilir ki, inkişaf məhz o rahatsızlığın içindən keçir.

Mən bu hazırlığı çox vaxt sözlərdə deyil, insanın susduğu anlarda, düşünərkən üzündəki, mimikalarda olan dəyişiklikdə və verdiyi cavabların dərinləşməsində görürəm.

Azərbaycanda kouçluq haqqında ən çox rast gəldiyiniz yanlış təsəvvür hansıdır?

Ən çox rast gəldiyim yanlış təsəvvür budur ki, kouç sanki müəllim, məsləhətçi və ya mentor kimi insana "nə etməli" olduğunu deyir.

Əslində kouçun rolu tam əksinədir — o, hazır cavab vermir, insanın öz cavabını tapmasına şərait yaradır. İnsanlar çox vaxt kouçluğa hazır resept gözləntisi ilə gəlirlər, halbuki əsl güc və resurs elə onların özündədir; kouç sadəcə o resursun üzə çıxması üçün mühit yaradır və düzgün, dərin suallar verir.

Bu fərqi izah etdikdə insanlar əvvəlcə təəccüblənir, amma sonra bunun nə qədər dəyərli olduğunu anlayırlar, çünki artıq cavabı kimdənsə gözləmək əvəzinə öz daxili müdrikliyinə etibar etməyi öyrənirlər.

Sizcə, uğur insanı dəyişir, yoxsa sadəcə onun kim olduğunu göstərir?

Mənim təcrübəmə görə, uğur insanı yenidən yaratmır — o, insanın artıq kim olduğunu üzə çıxarır. Bir hikmətli fikirdə deyildiyi kimi, insanın əsl xarakteri güc və imkan əlinə keçəndə bəlli olur; uğur da elə həmin sınaqdır. O, insanın dəyərlərini, daxili tarazlığını və zəif nöqtələrini aydınlaşdıran bir ayna kimidir.

Kiminsə əlinə imkan düşəndə xarakteri daha da açılır — bəzisi daha səxavətli və təvazökar olur, bəzisi isə əksinə. Ona görə də mən uğuru bir imtahan kimi görürəm: o, insana özünü daha aydın göstərir, amma o insanın bundan sonra kim olacağı yenə də onun daxili seçimindən asılıdır.



Hansı kitab və ya müəllif peşəkar inkişafınıza ən çox təsir edib?

Antik ədəbiyyatdan Platon və Sokratın düşüncə tərzi, xüsusən sual vermə üsulu məni ən çox formalaşdıran mənbələr olub — orada gördüm ki, əsl müdriklik cavabları bilməkdə deyil, doğru sualı verə bilməkdədir.

Müasir dövrdə isə özümün də təhsil aldığım Erickson Coaching International-ın qurucusu Marilyn Atkinsonun düşüncələri və kitabları mənim dəyişimimdə və inkişafımda əhəmiyyətli rol oynayıb.

Son zamanlar isə mənim üçün maraqlı bir məqam Quranda kouçluğun elementlərini və kouçluğun əsasını təşkil edən neytral, mühakiməsiz düşüncə ilə bağlı kəşflər etməkdir. Etiraf edim ki, bu mənbələrin hər birinə yenidən qayıdanda özüm üçün mütləq yeni bir qat kəşf edirəm.

Müsahibənin sonunda izləyicilər yalnız bir fikri xatırlamalı olsalar, onun hansı fikir olmasını istəyərdiniz?

İstərdim ki, insanlar yalnız bir şeyi xatırlasınlar: əgər daxilinizdə dəyişim və inkişaf istəyi yaranıbsa, demək siz artıq hazırsınız. Bu istəyin özü içərinizdəki potensialın oyandığının əlamətidir.

Özünüzə yatırım edin, özünüzü tanımağa və dəyişməyə vaxt ayırın — çünki insan özünə sərmayə qoyduqca həyatının və yaşam keyfiyyətinin də dəyişdiyini görəcək. Axtardığınız cavab çox vaxt elə sizin içərinizdədir; sadəcə onu eşitmək üçün bir anlıq susmağı və özünüzə etibar etməyi bacarmaq lazımdır.

Əgər bu müsahibədən bircə fikir qalmalıdırsa, qoy o, insanın öz daxilindəki müdriklük və dəyişim gücünə inanması olsun.


04/08/2026


     



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment