Uğur hekayəsi - Elvira Rüstəmova - Biznes portal Finance Time





Uğur hekayəsi - Elvira Rüstəmova


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Kommunikasiya və PR sahəsində peşəkar, həm dövlət, həm də özəl sektorda zəngin təcrübəyə malik liderdir.
O, müasir PR trendlərini - rəqəmsal kommunikasiya, korporativ kimlik və süni zəka əsaslı yanaşmaları - strategiyalarına uğurla inteqrasiya edən mütəxəssis kimi tanınır.

Fəaliyyəti təkcə ictimaiyyətlə əlaqələrin idarə edilməsi ilə məhdudlaşmır; o, həm də maarifləndirici çıxışları, seminar və təlimləri ilə sektorun inkişafına töhfə verir.
Eyni zamanda, gənclərin texnologiya və innovasiya sahəsində irəliləməsinə dəstək göstərən mentor və spiker kimi onların karyera inkişafını təşviq edir, öz təcrübəsini bölüşərək yeni nəsil peşəkarların formalaşmasına yardım edir.

Bu qədər kommunikasiya içində özünüzlə ünsiyyəti necə qoruyursunuz?

PR işi daim əlaqə, ünsiyyət və enerji tələb edir. Amma mənim ən dərin dialoqlarım günün sonunda baş verir. Axşamlar, tək qaldığım anlarda düşünürəm: gün necə keçdi, nəyi düzgün etdim, nəyi səhv etdim, nələri etməliydim, və bundan sonra necə davranmalıyam.

Bu, mənim “özümü enerji ilə doldurma ritualım” kimidir. Gün ərzində insanlar, e-maillər, zənglər arasında keçirdiyim saatlar çoxdur, amma özümlə ünsiyyət yalnız gecələr baş verir. Bu anlar mənim həm motivasiyamı gücləndirir, həm də daxili balansımı qoruyur.



İş və ailə arasında "mükəmməl balans" anlayışı sizcə mövcuddurmu?

Məncə mükəmməl balans işdə də, ailədə də yoxdur – bu, sadəcə idealist bir mifdir. Əsas olan prioritetləri düzgün qoymaqdır. Amma prioritetlər daim dəyişir və balans həmişə pozula bilər. Mən çalışıram ki, hər iki sahəyə kifayət qədər vaxt ayırım, amma uşaqların təhsilinə diqqətimi artırmalı olduğum zaman, ailəyə ayırdığım vaxtı daha çox hiss edirəm.

Həyat balans deyil, daim hərəkətdə olan bir prosesdir və bunu qəbul etmək, məncə, hər bir qadının gücü və incəliyidir.



Hər gün sizi işə aparan əsas motivasiya nədir?

Əsas motivasiyam məsuliyyətdir. Özümlə yarışmıram, çünki hələ özüm üçün o qədər güclü deyildim ki, açıq rəqabət apara bilim. Amma işin uğurlu olması, nəticələr və “bu işin nəticəsi yaxşı olacaq” hissi mənim üçün böyük enerji mənbəyidir. İşdə uğur əldə etmək mənim həm daxili motivasiyamı, həm də özümü ifadə etmə imkanımı gücləndirir.

Çətin günlərdə sizə "bunu bacaracaqsan" deyən daxili səs kimindir?

Əvvəlcə özüm, sonra həyat yoldaşım, və ən sonda təcrübəm. Təcrübə daxil hissədən doğur, çünki onu yaşamaq üçün əvvəlcə öz içimdə güc tapmalıyam. Özümə güvənim, ailəmin dəstəyi və təcrübəmin birləşməsi mənə deməyə imkan verir ki, heç bir çətinlik məni dayandıra bilməz.



Cəmiyyətdə "güclü qadın" anlayışı sizə görə necə olmalıdır?

Bəzən insanlar güclü qadını hər şeyin öhdəsindən gələn, ağlamayan və zəif görünməyən biri kimi təsəvvür edirlər. Amma məncə, güclü qadın ağlaya bilər, dəstək istəyə bilər, zəif görünə bilər – və bu onun zəifliyi deyil.

Güc odur ki, hər şeyi yerində edə biləsən, lazım olanda kömək istəyə biləsən, idarə etməyə çalışasan və eyni zamanda qadınlığını göstərə biləsən.

Zövcə, zənən kimi adlar qadının incəliyini göstərir, amma incəlik zəiflik deyil. Həqiqi güclü qadın həm özünü, həm də ətrafını anlamağı bacarandır, həm məsuliyyət daşıyır, həm də sevgi və empatiyadan imtina etmir.



"Hər şeyə çatmaq" arzusu sizi motivasiya edir, yoxsa yorur?

Bəzi hallarda motivasiya edir, bəzən isə yorur. Həyatda hər şeydə tam olmaq istəyirəm, amma bəzən hiss edirəm ki, yarım-am. Yarım anayam, yarım rəfiqəyəm, yarım dostam, yarım həyat yoldaşıyam. Amma işdə, əməkdaş olaraq tam olmağı bacarıram.

Bu balans mənim həm motivasiyamın, həm də yorğunluğumun mənbəyidir. Hər şeyə çatmaq arzusu, əslində, həm bir hədəf, həm də dərsdir – daim öyrənir və inkişaf edirəm.

Sizi həyatda ən çox xoşbəxt edən kiçik bir şey nədir?

Məni iki kəlmə söz belə xoşbəxt edə bilər. Söz, səmimilik, doğru insanla ünsiyyət mənim üçün böyük bir motivasiya və enerji mənbəyidir. Övladlarımın gülüşü, onların uğurları, gündəlik kiçik anlar – bütün bunlar mənim üçün həyatın ən gözəl hədiyyələridir.



Əgər həyat bir PR kampaniyası olsaydı, onun sloqanı necə olardı?

“Hər anın dəyərini bil.” Zaman axıb gedir və daxilində nə qədər iş görə bilsək, nə qədər sevgi göstərə bilsək, nə qədər hiss yaşaya bilsək – bu, bizim həyat qazancımızdır. Hər anı qiymətləndirmək, həm işdə, həm də şəxsi həyatda uğur və xoşbəxtlik üçün əsasdır.

Həyatda hansı dəyərlər sizin üçün dəyişməzdir?

Ən öncə səmimilik, dürüstlük və sevgi – bunlar mənim üçün dəyişməzdir. İşdə də, evdə də, ailəmdə də və dostlarım arasında da bu prinsiplər mənim üçün əsastır. Əsas olan insanlarla münasibətdə doğru olmaq, öz sözünə və hərəkətinə sadiq qalmaqdır və səmimi olmaqdır.



Ən çox kimdən və ya nədən ilham alırsınız?

İnsanlardan və ünsiyyətdən ilham alıram. Doğru insan və doğru ünsiyyət mənim üçün həqiqətən böyük bir enerji və motivasiya mənbəyidir.

Hər yeni tanışlıq, hər səmimi dialoq mənə yeni perspektivlər açır, yeni ideyalar verir və ruhumu canlandırır.



Hər şey plan üzrə getməyəndə ilk nə edirsiniz?

Əvvəl sakit olmağa çalışıram, amma planlarımın pozulması məni sinirləndirir. Sonra analiz edirəm, çox düşünürəm, hətta gecəm-gündüzüm buna həsr olunur. Bəzən qısa bir anlıq dua edirəm – “bəlkə də keçər” – və sonra həqiqəti qəbul edirəm. Çətin anlarda düşünmək, planlamaq və emosiyaları idarə etmək mənim üçün həm öyrənmə, həm də güc mənbəyidir.


21/11/2025


     



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment