19 noyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “İş mühitində psixoloji dayanıqlıq: stresin idarə olunması və konstruktiv ünsiyyət” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimin açılışında çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim, t.e.d., Bəxtiyar Musayev bu qəbildən maarifləndirici tədbirlərin əməkdaşların peşəkar inkişafında, iş mühitində yaranan çətinliklərin düzgün idarə olunmasında və sağlam psixoloji mühitin formalaşdırılmasında əhəmiyyətini vurğulayıb.
Mərkəzi Gömrük Hospitalının aidiyyatı şöbələrinin əməkdaşlarının iştirak etdiyi təlimdə Azərbaycan Psixiatriya Assosiasiyasının üzvü və Gənc Psixiatriya Bölməsi üzrə katibi Elvira Əliyeva “İş mühitində psixoloji dayanıqlıq: stresin idarə olunması və konstruktiv ünsiyyət” mövzusunda təqdimatla çıxış edib.
Təlim zamanı iş mühitində psixoloji dayanıqlılığın əhəmiyyəti, peşəkar fəaliyyət zamanı qarşıya çıxan stres amilləri, emosional gərginliyin azaldılması və stresin idarə olunması üsulları barədə ətraflı məlumat verilib. Həmçinin emosional tarazlığın qorunması, işgüzar münasibətlərdə qarşılıqlı anlaşmanın təmin edilməsi, konstruktiv ünsiyyət və effektiv əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi məsələlərinə toxunulub.
Təqdimat çərçivəsində iştirakçılar gərgin və mürəkkəb iş şəraitində emosional özünənəzarətin təmin edilməsi, eləcə də münaqişələrin konstruktiv həlli ilə bağlı praktiki yanaşmalarla tanış olublar. Təlim iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.