Energetika naziri Pərviz Şahbazov bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb.
Görüşdə Azərbaycanla bp arasında uzunmüddətli strateji tərəfdaşlığın inkişafı, neft-qaz, yaşıl enerji layihələrinin icrası və yeni əməkdaşlıq imkanları müzakirə edilib.
Cio Kristofoli Azərbaycanın 2030-cu ildə 27-ci WPC Energy Konqresinə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın regional enerji qovşağına çevrilməsi istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyəti vurğulanıb. Avropa və Asiya arasında elektrik enerjisi bağlantılarının inkişafı, gələcəkdə bu əməkdaşlığın daha geniş coğrafiyanı əhatə etməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasilatın inkişafı və dərin qaz ehtiyatlarının işlənilməsi, “Şahdəniz” layihəsi çərçivəsində görülən işlər, o cümlədən kompressiya layihəsinin icrası, eləcə də “Qarabağ” yatağının işlənilməsi üzrə gələcək addımlar müzakirə edilib. Həmçinin bp-nin istehsalat obyektlərinin elektrik enerjisi ilə təchizatı perspektivi diqqət mərkəzində olub.
Söhbət zamanı enerji təhlükəsizliyi, neft-qaz hasilatı və bərpa olunan enerji sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə olunub.