17 noyabr 2026-cı il tarixində Bakı Fond Birjası (BFB), BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüsü (UN SSE), Qazaxıstan Fond Birjası (KASE) və IFRS Foundation ilə əməkdaşlıq çərçivəsində “IFRS Dayanıqlılıq Hesabatı Standartlarının tətbiqi” mövzusunda onlayn vebinar təşkil edib.
Vebinarın əsas məqsədi kapital bazarının iştirakçılarına IFRS Dayanıqlılıq Hesabatı Standartları və ISSB standartlarının tətbiqi barədə məlumat vermək, dayanıqlılıqla bağlı açıqlamaların hazırlanması üzrə bilik və bacarıqların artırılmasına dəstək göstərmək olub.
Tədbirin açılışında Bakı Fond Birjasının Listinq üzrə rəhbəri Fərhad Mansurov və Qazaxıstan Fond Birjasının Beynəlxalq Əməkdaşlıq və Dayanıqlı İnkişaf Departamentinin direktor müavini Akmaral Sabyrbayeva çıxış ediblər.
Vebinar çərçivəsində IFRS Foundation-ın potensialın artırılması üzrə mütəxəssisi Bella Cheng və tərəfdaşlıqlar üzrə meneceri Robert Swiatowski dayanıqlılıq hesabatlılığı standartlarının tətbiqi ilə bağlı təqdimatlarla çıxış ediblər.
Vebinar beynəlxalq ekspert biliklərinin yerli və regional bazar iştirakçıları ilə bölüşülməsi, dayanıqlılıq hesabatlılığı sahəsində məlumatlılığın artırılması və kapital bazarlarında beynəlxalq standartların tətbiqinin təşviqi baxımından əhəmiyyət daşıyıb. Proqramda tam iştirak edənlər CPD sertifikatı əldə etmək imkanı qazanıblar.
Bakı Fond Birjası kapital bazarının inkişafını dəstəkləmək məqsədilə beynəlxalq təşkilatlar və tərəfdaş birjalarla əməkdaşlığı davam etdirir. Bu əməkdaşlıq çərçivəsində bilik və təcrübə mübadiləsinin təşviqi, bazar iştirakçılarının potensialının artırılması və beynəlxalq təcrübələrin yerli bazara inteqrasiyası əsas istiqamətlərdəndir.