Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başlayıb
Noyabrın 16-da Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.
İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri də iştirak ediblər.
Qanun layihəsini təqdim edən Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf edib, əhalinin rifahı artıb, dövlətimizin maliyyə imkanları daha da genişlənib. Qeyd olunub ki, bu gün qarşıda duran əsas vəzifə əldə olunmuş nailiyyətləri qorumaqla yanaşı, ölkənin inkişafını yeni mərhələyə daşımaq, iqtisadi artımın dayanıqlığını təmin etmək və artan maliyyə imkanlarından maksimum səmərəli istifadə etməkdir. “Qeyri-neft sektorunun inkişafı, özəl sektorun iqtisadiyyatda rolunun artması, əhalinin rifahının yüksəldilməsi, müdafiə və təhlükəsizlik potensialının möhkəmləndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi dövlət siyasətinin başlıca istiqamətləri olaraq qalmaqdadır”.
Qlobal miqyasda müşahidə olunan qeyri-müəyyənliklərin və xarici bazarlardakı dəyişkənliklərin fiskal siyasətdə ehtiyatlı yanaşmanı, büdcə intizamını və dövlət maliyyəsinin dayanıqlığını xüsusi aktuallıqla gündəmə gətirdiyini deyən S.Babayev əlavə edib ki, 2027-ci ilin dövlət büdcəsi məhz bu prioritetlər və mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla hazırlanıb.
Nazir qeyd edib ki, büdcə siyasətində əsas yanaşma iqtisadi inkişafın maliyyə təminatını yaratmaqla yanaşı, dövlətin sosial və strateji öhdəliklərini tam yerinə yetirmək, büdcə resurslarından istifadənin səmərəliliyini artırmaq və uzunmüddətli fiskal dayanıqlığı qorumaqdır.
S.Babayev 2027-ci ilin dövlət büdcəsi layihəsinin əsas parametrlərindən bəhs edib. O qeyd edib ki, növbəti il üçün dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat təşkil edəcək ki, bu gəlirlərin 23,8 milyard manatı və ya 60,6 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 15,5 milyard manatı və ya 39,4 faizi neft-qaz sektoru üzrə daxilolmaların payına düşür. Dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsi xərclərinin 26,4 milyard manatı və ya 62,3 faizi cari xərclərə, 13,8 mlrd. manatı və ya 32,5 faizi əsaslı xərclərə, 2,2 milyard manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
Nazir iqtisadiyyatın diversifikasiyası və qeyri-neft istehsalının stimullaşdırılmasının nəticəsi olaraq növbəti ildə də neftdən asılılığın azalması tendensiyasının qorunduğunu vurğulayıb. Belə ki, 2027-ci il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi cari illə müqayisədə 1,7 faiz bəndi az olmaqla, 17,1 faiz proqnozlaşdırılır. Bu, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir.
Bununla yanaşı, S.Babayev 2027-ci il üçün dövlət büdcəsinin investisiya yönümlü olmasına da diqqət çəkib. Belə ki, növbəti il üzrə dövlət büdcəsinin əsaslı xərcləri büdcə xərclərinin 32,5 faizinə bərabərdir, bu isə region ölkələrini xeyli qabaqlayır. Həmçinin, növbəti ildə bütün rayonlar öz gəlirləri hesabına öz xərclərini tam qarşılayacaq, beləliklə ilk dəfə olaraq dotasiyadan asılı hər hansısa bir rayon qalmayacaq.
Nazir qeyd edib ki, növbəti ildə müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 20,8 faizi həcmində və ya 8,8 milyard manat məbləğində vəsait yönəldiləcək. Eyni zamanda, ən önəmli prioritetlərdən biri kimi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərin davam etdirilməsi üçün maliyyə təminatı tam şəkildə nəzərdə tutulur.
Dövlət başçısının sosial siyasət kursuna uyğun olaraq, 2027-ci ildə sosialyönlü xərclər əsas prioritetlər sırasındadır. Belə ki, dövlət büdcəsi xərclərinin 44,2 faizi, yaxud 18,7 milyard manat sosialyönlü xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur.
İcmal büdcənin səhiyyə xərcləri isə 4 milyard manat olacaq, bu da 2025-ci ilə nisbətən 1 milyard manat və ya 36 faiz artım deməkdir.
2027-ci il üçün dövlət büdcəsində təhsil və elm xərcləri üçün büdcə xərclərinin 12,6 faizi həcmində və ya 5,4 milyard manat vəsait proqnozlaşdırılıb.
Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı növbəti il dövlət büdcəsindən 1,4 milyard manat ayrılacaq. Aqrar sektora ayırmalar aqrar ÜDM-in 15.8 faizinə çatacaq.
Növbəti ildə qeyri-neft sektorunda investisiyaların və iqtisadi artımın dəstəklənməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün 5,3 milyard manat nəzərdə tutulub.
2027-ci il üçün icmal büdcənin əsas göstəricilərini açıqlayan S.Babayev bildirib ki, növbəti il üçün icmal büdcənin gəlirləri 47,6 milyard manat, icmal büdcənin xərcləri isə 50,4 milyard manat həcmində proqnozlaşdırılır.
Digər hökumət üzvlərinin çıxışlarından sonra "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ətrafında müzakirələr aparılıb, millət vəkilləri dövlət büdcəsi layihəsinin parametrləri, proqnoz göstəriciləri, gəlirləri, xərc istiqamətləri və digər məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.