Milli Məclisin komitələrində 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam edir
Noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib.
Qanun layihəsini Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev təqdim edib.
2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri barədə məlumat verən Sahil Babayev bildirib ki, neft gəlirlərindən asılılıq davamlı olaraq azaldılır və cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 90,1 faizidir. Qeyd olunub ki, Azərbaycanın büdcəsi regionda ən investisiya yönümlü büdcə olaraq səciyyələnir və dövlət büdcəsinin 32,5 faizi investisiya xarakterli əsaslı xərclərə yönəldilib.
Nazir çıxışında 2027-ci ilin dövlət büdcəsi xərclərinin sosial-iqtisadi tələblərə müvafiq şəkildə formalaşdırıldığını və növbəti ildə sosial yönümlü xərclərin 2026-cı illə müqayisədə 9,2 faiz və ya 1,6 milyard manat artacağını vurğulayıb. S.Babayev gələn il büdcə xərclərinin 8,8 milyard manatının və ya 20,8 % faizinin müdafiə və milli təhlükəsizlik, 3,4 milyard manat və ya 8,1 faizinin isə məhkəmə, hüquq-müdafiə və prokurorluq orqanlarının saxlanması, 2,1 milyard manatının və ya 4,9 faizinin səhiyyə, 4,9 milyard manatının və ya 11,6 faizinin sosial müdafiə və sosial təminat xərclərinin payına düşdüyünü qeyd edib.
Təqdimat zamanı nazir bildirib ki, regionların dotasiyadan asılılığı tam aradan qalxır, növbəti ildə yerli gəlirlər 735,6 milyon manat, yerli xərclərin 735,6 milyon manat məbləğində proqnozlaşdırılır. S.Babayev Naxçıvan Muxtar Respublikasına dotasiyanın isə 2026-cı illə müqayisədə 6,4 faiz az olmaqla, 2027-ci ildə 198 milyon manat məbləğində proqnozlaşdırıldığını vurğulayıb.
Geniş müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.