Azərbaycan Banklar Assosiasiyasının (ABA) Maliyyə və Mühasibatlıq üzrə Ekspert Qrupunun sədri Əli Dadaşzadə ACCA-nın Avrasiya regionu üzrə ictimaiyyətlə əlaqələr rəhbəri (Public Affairs Lead, Eurasia) Gaukhar Aşirbekova ilə görüş keçirib.
Görüşdə ABA-nın Maliyyə və Mühasibatlıq üzrə Ekspert Qrupunun nəzdində fəaliyyət göstərən MHBS (Maliyyə hesabatlığının beynəlxalq standartları) hesabatlığı üzrə alt işçi qrupunun rəhbəri Fitat Məmmədova da iştirak edib.
Görüş çərçivəsində Azərbaycanın bank sektorunda maliyyə və mühasibatlıq sahəsinin inkişafı, Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) tətbiqi, maliyyə hesabatlılığının keyfiyyətinin artırılması, peşəkar kadrların bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, ABA və ACCA arasında gələcək əməkdaşlıq perspektivləri, bank sektorunun mütəxəssisləri üçün birgə maarifləndirici tədbirlərin və təlimlərin təşkili imkanları müzakirə olunub.
Qeyd edək ki, ACCA (Association of Chartered Certified Accountants) mühasibatlıq və maliyyə sahəsində beynəlxalq peşəkar kvalifikasiyalar təqdim edən aparıcı təşkilatlardan biridir.