4 noyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti görüşü “Üçüncü Bahar” İctimai Birliyinin İçərişəhər Yaşa Mərkəzində keçirilmişdir.
Tədbir çərçivəsində ilk olaraq “Üçüncü Bahar” İctimai Birliyinin fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, İctimai Birlik 2017-ci ildən etibarən yaşlı insanların sosial rifahının yüksəldilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması və onların cəmiyyətə fəal inteqrasiyasının təşviqi istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərir. Bu məqsədlə “YAŞA” Mərkəzləri şəbəkəsi yaradılmışdır. Mərkəzlərdə yaşlı insanlar üçün gündəlik əsasda müxtəlif dərnəklər və məşğələlər təşkil olunur.
Görüşün xüsusi qonağı qismində “Alfa-Omega Azerbaijan” şirkətinin təsisçisi Elvira Bağırova iştirak etmişdir. Görüş çərçivəsində daxili auditin rəhbərləri üçün peşəkar ünsiyyət mövzusuna həsr olunmuş “Söhbətə qoşul!” adlı interaktiv seminar təşkil edilmişdir. Gündəlik iş fəaliyyətindən nümunələr əsasında fəal dinləmə, düzgün sualların verilməsi və fikirlərin aydın və effektiv ifadə olunması üzrə praktiki məşğələlər keçirilmişdir.
Bununla yanaşı, görüşdə 2026-cı il üzrə daxili audit sahəsində maarifləndirmə tədbirləri də nəzərdən keçirilmişdir. Bu çərçivədə noyabr ayında keçiriləcək X Beynəlxalq Bankçılıq Forumu (IBF 2026) çərçivəsində daxili auditə həsr olunmuş panel müzakirəsinin təşkili ilə bağlı ilkin fikir mübadiləsi aparılmış, panelin mövzusu və əsas müzakirə istiqamətləri üzrə təkliflər səsləndirilmişdir.
Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.