PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub.

8 Noyabr - Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən aksiyada dövlət qurumlarının, maliyyə institutlarının və sektor assosiasiyalarının nümayəndələri ilə yanaşı, PAŞA Bankın əməkdaşları da iştirak ediblər. Bankın Baş Əməliyyat İnzibatçısı Fərid Cəfərov da təşəbbüsə qoşularaq ağacəkmə prosesində iştirak edib.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və maliyyə sektorunu təmsil edən beş assosiasiya arasında 13 mart 2023-cü il tarixində imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib.
Təşəbbüs Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş genişmiqyaslı ağacəkmə proqramının davamıdır. Proqram çərçivəsində 2023-cü ildən etibarən 10 il ərzində hər il 100 min, ümumilikdə isə 1 milyon ağacın əkilməsi nəzərdə tutulur.
PAŞA Bank bu təşəbbüsdə iştirakı ilə ətraf mühitin qorunmasına və ölkədə yaşıllıq sahələrinin artırılmasına dəstəyini davam etdirir. Bank dayanıqlı inkişaf prinsiplərini rəhbər tutaraq ekoloji məsuliyyətin təşviqinə və cəmiyyət üçün uzunmüddətli dəyər yaradan layihələrə töhfə verməyə önəm verir.