Milli Məclisin komitələrində 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi başlayıb
Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayıb. Noyabrın 4-də “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsini Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev təqdim edib.
2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri barədə məlumat verən Sahil Babayev bildirib ki, büdcə siyasətinin əsas istiqamətləri dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahının yüksəldilməsi və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqinin genişləndirilməsi, təhsil və səhiyyə sektorlarının inkişafının dəstəklənməsi, fiskal intizamın qorunması şərtilə büdcə qaydasına əməl edilməsi, büdcə xərclərinin dövlət xəzinədarlığı vasitəsilə ünvanlı və səmərəli icrası, eləcə də real sektorun inkişafının daha da sürətləndirilməsidir.
Nazir Azərbaycan hökumətinin neftdən asılılığın daha da azaldılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirdiyini bildirib. Qeyd olunub ki, növbəti il icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti fiskal qayda tətbiq olunandan bəri ən yaxşı göstərici olmaqla 17,1 faiz təşkil edəcək ki, bu da cari ilin göstəricisi ilə müqayisədə 1,7 faiz bəndi azdır.
2027-ci ildə cari xərclərin qeyri-neft-qaz gəlirləri ilə örtülmə nisbətinə toxunan nazir bu göstəricinin cari illə müqayisədə 2,1 faiz bəndi çox olmaqla 90,1 faiz təşkil edəcəyini qeyd edib. S.Babayev büdcə dayanıqlığı baxımından əsas fiskal hədəflərdən biri kimi, ortamüddətli dövrün sonuna cari xərclərin tam olaraq qeyri-neft gəlirləri hesabına təmin olunmasının hədəfləndiyini bildirib.
Təqdimat zamanı Sahil Babayev, həmçinin dövlət borcunun ÜDM-ə nisbətinə görə Azərbaycanın bu gün dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, yaxın 4 ildə dövlət borcunun ÜDM-ə nisbətinin sabit saxlanması hədəflənir və 2030-cu ilə bu nisbətin 20,3 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Nazir 2027-ci il üzrə icmal büdcənin gəlirlərinin 47,6 milyard manat, icmal büdcənin xərclərinin 50,4 milyard manat, o cümlədən dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat, dövlət büdcəsi xərclərinin 42,4 milyard manat təşkil edəcəyini qeyd edib.
Geniş müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bu il ilk dəfə olaraq Milli Məclisdə keçirilən büdcə müzakirələrində Maliyyə Nazirliyi yanında İctimai şuranın üzvlərinin də iştirakı təmin olunur. Bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında İctimai şuranın sədri İnqilab Əhmədov iştirak edib.