Mərkəzi Bank rəqəmsal maliyyə texnologiyaları ekosisteminin inkişafının təşviqi, bu sahədə məlumatlılığın artırılması və insan kapitalının gücləndirilməsi istiqamətində təşəbbüsləri davam etdirir.
Bu təşəbbüslər çərçivəsində Xəzər Universitetinin tələbələri üçün “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda növbəti təlim proqramı təşkil olunub.
Üç gün davam edən və 40-a yaxın tələbənin iştirak etdiyi proqramda Mərkəzi Bankın nümayəndələri tərəfindən “Rəqəmlərlə iqtisadiyyatın idarə edilməsi”, “Rəqəmsal maliyyə məhsulları”, “Ödəniş sistemləri və innovasiyalar”, “Məlumatların idarə edilməsi” və “Virtual aktivlərin tənzimlənməsi” mövzuları üzrə aktual yanaşmalar, praktik biliklər və real nümunələr təqdim olunub.
Təlimlər çərçivəsində tələbələr rəqəmsal maliyyə ekosistemində baş verən yeniliklər, müasir çağırışlar və innovativ həllərlə yaxından tanış olmaq imkanı əldə ediblər. İnteraktiv formada təşkil edilən sessiyalar zamanı iştirakçıların mövzular üzrə biliklərini daha da dərinləşdirməsi üçün onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Proqram çərçivəsində tələbələr komandalar şəklində layihələr üzərində işləyib, innovativ məhsul və həll konsepsiyaları hazırlayıb və onları təqdim ediblər. Ən yüksək nəticə göstərən komandalar hədiyyələrlə mükafatlandırılıb.
Təlim proqramını uğurla tamamlayan iştirakçılara Mərkəzi Bank tərəfindən sertifikatlar təqdim olunub.