Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq iqtisadi və daşınmaz əmlak sahəsində ixtisaslaşmış bir qrup ekspertlə görüş keçirilib.
Görüşdə Fondun əməkdaşları satmaq öhdəliyi ilə kirayə mexanizmi, o cümlədən 1 oktyabr 2026-cı il tarixindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydalarına edilən dəyişikliklər barədə təqdimatla çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 nömrəli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin tətbiqinə başlanılıb. Mexanizm çərçivəsində 2020-2026-cı illər ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib və indiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Ekspertlərin diqqətinə çatdırılıb ki, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə proseslər tam avtomatlaşdırılıb və bütün müraciətlər Elektron Hökumət İnformasiya Sisteminə (My.gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə həyata keçirilir.
Eyni zamanda vurğulanıb ki, Azərbaycanda ilk dəfə olaraq Fondun təşəbbüsü ilə yaşayış sahələrinin kütləvi seçimi zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq edilib.
Görüşdə ətraflı müzakirələr aparılıb, ekspertləri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib.