Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşü çərçivəsində energetika naziri Pərviz Şahbazov Əlcəzair və Seneqalın enerji nazirləri ilə ikitərəfli görüşlər keçirib.
Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, karbohidrogenlər naziri Məhəmməd Arkab ilə görüşdə iki ölkə arasında enerji əməkdaşlığının inkişafı, neft-qaz sektorunda tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində yaradılmış Birgə İşçi Qrupun ilk iclasının 2026-cı ilin noyabr ayında, ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının isə 2027-ci ilin birinci yarısında Bakıda keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Görüşdə SOCAR ilə Əlcəzairin “SONATRACH” şirkəti arasında əməkdaşlığın inkişafı imkanlarına da toxunulub. Neft və neft-kimya məhsullarının ticarəti üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Seneqal Respublikasının energetika və neft naziri El Hacı Abdurahman Diuf ilə görüşdə isə enerji sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib.
İki ölkə arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Energetika naziri Pərviz Şahbazov dekabrın 2-3-də Seneqalda keçiriləcək beynəlxalq neft, qaz və energetika konfransında iştiraka dəvət olunub.