12–14 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupunun üzvləri, Mərkəzi Bankın nümayəndəsi təcrübə mübadiləsi məqsədilə Çexiya Respublikasına səfər edib.
Səfər çərçivəsində Çexiya Mərkəzi Bankı, Çexiya Fintex Assosiasiyası, Çexiya Banklar Assosiasiyası və onun üzv banklarının nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfərin ilk günündə ABA-nın Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupunun üzvləri və Mərkəzi Bankın nümayəndəsi ilə Çexiya Mərkəzi Bankı arasında görüş keçirilib.
Görüş zamanı rəqəmsal ödəniş ekosistemi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, Avropa İttifaqında bu istiqamətdə həyata keçirilən islahatlar, gözlənilən dəyişikliklər və növbəti islahatlar, mövcud inkişaf istiqamətləri, eləcə də innovativ alətlərin tətbiqi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, səfər 14 oktyabr 2026-cı il tarixinədək davam edəcək.
Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Assosiasiyanın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir.