Bakı Fond Birjasının H.Z. Tağıyev Təqaüd Proqramı çərçivəsində maliyyə dəstəyi göstərdiyi 16 tələbədən 9-u CFA Level I imtahanından uğurla keçib. Uğur qazanan tələbələrin hamısı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələridir.
H.Z. Tağıyev Təqaüd Proqramın əsas məqsədi gənclərin beynəlxalq səviyyədə tanınan peşəkar maliyyə ixtisaslaşmasına çıxışını dəstəkləmək və Azərbaycanın kapital bazarı üçün yüksək ixtisaslı insan kapitalının formalaşmasına töhfə verməkdir.
İmtahan nəticələri proqramın iştirakçıları arasında 56%-lik uğur göstəricisinin əldə edildiyini nümayiş etdirir. Bu nəticə gənc maliyyə mütəxəssislərinin peşəkar inkişafına investisiyanın əhəmiyyətini bir daha göstərir.
Bakı Fond Birjası hesab edir ki, kapital bazarının davamlı inkişafı yalnız müasir bazar infrastrukturu və maliyyə alətlərinin inkişafı ilə deyil, eyni zamanda peşəkar, bilikli və etik prinsiplərə sadiq insan kapitalının formalaşdırılması ilə sıx bağlıdır. Bu baxımdan, gənclərin beynəlxalq peşəkar sertifikatlaşdırma proqramlarına çıxışının dəstəklənməsi BFB-nin uzunmüddətli inkişaf prioritetlərindən biridir.
Bakı Fond Birjası proqramın həyata keçirilməsində göstərdiyi dəstəyə görə “CFA Institute” və “CFA Society Istanbul”a, həmçinin tələbələrin proqramda iştirakının təmin olunmasına verdiyi töhfəyə görə UNEC-ə təşəkkürünü bildirir.
Bakı Fond Birjası gələcəkdə də təhsil, peşəkar inkişaf və potensialın gücləndirilməsinə yönəlmiş təşəbbüslər həyata keçirərək Azərbaycan kapital bazarının gələcək nəsil peşəkarlarının formalaşmasına töhfə verməyə davam edəcək.
H.Z. Tağıyev Təqaüd Proqramı çərçivəsində CFA Level I imtahanından uğurla keçən tələbələr:
Ramil Orucev
Ürfan Paşayev
İsa Heydərov
Hüseyn İsayev
Polad Atayev
Vügar Mirzəyev
Vəzir Qasımov
Rəvan Məmmədov
Şövqi İsayev