Bakı Fond Birjası World Federation of Exchanges (WFE) və International Organization of Securities Commissions (IOSCO) tərəfindən keçirilən Dünya İnvestorlar Həftəsi (World Investor Week) çərçivəsində ADA Universitetinin tələbələri üçün 3 günlük maarifləndirici proqram təşkil edib.
Üç gün davam edən proqram çərçivəsində tələbələr yerli kapital bazarında mövcud imkanlar, mobil ticarətdə əməliyyat səmərəliliyi, Bakı Fond Birjasında ticarətin təşkili və Birjada karyera imkanları mövzularında nəzəri və praktiki biliklər əldə ediblər. Proqramın interaktiv formatı tələbələrə Azərbaycan kapital bazarının fəaliyyəti ilə daha yaxından tanış olmaq və real bazar mühitini praktiki nümunələr üzərindən öyrənmək imkanı yaradıb.
Proqramın sonunda tələbələr Bakı Fond Birjasına səfər edərək Birjanın fəaliyyəti və ticarət infrastrukturu ilə tanış olublar. Proqramın yekununda isə maliyyə savadlılığına diqqətin artırılmasını simvolizə edən maliyyə savadlılığına həsr edilmiş Açılış Zəngi (Ring the Bell for Financial Awareness) mərasimi keçirilib və tələbələr BFB-də simvolik zəng çalıblar.
Bakı Fond Birjası gənclərin kapital bazarları haqqında biliklərinin artırılmasını və onların maliyyə sektorunda gələcək karyera imkanları barədə məlumatlandırılmasını maliyyə savadlılığının inkişafının mühüm istiqamətlərindən biri hesab edir. Bu istiqamətdə BFB universitetlərlə əməkdaşlığı və tələbələr üçün praktiki öyrənmə imkanlarının yaradılmasını davam etdirir.