1–2 oktyabr tarixlərində Bakıda keçirilən CAMCA Regional Forum 2026 Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstandan dövlət, biznes, akademik və ictimai sektorun nümayəndələrini bir araya gətirib. “The World and CAMCA: A Region at the Crossroads” mövzusuna həsr olunan Forumda regional əməkdaşlıq, iqtisadi əlaqələr, investisiya, rəqəmsal transformasiya, süni intellekt, təhsil və özəl sektorun inkişafda rolu müzakirə olunub.
Forumun regional əməkdaşlıq üçün dialoq və fikir mübadiləsi platforması kimi əhəmiyyətini vurğulayan CAMCA Regional Forumunun Təşkilat Komitəsinin rəhbəri Sərxan Həşimov bildirib: "CAMCA Regional Forum 2026 region ölkələrindən müxtəlif sahələri təmsil edən iştirakçıları bir araya gətirərək, regional əməkdaşlığın mövcud imkanlarını və gələcək istiqamətlərini müzakirə etmək üçün mühüm platforma rolunu oynadı. Bakıda keçirilən Forum çərçivəsində iqtisadi əməkdaşlıqdan texnologiya və təhsilə qədər geniş spektrli mövzular ətrafında fikir mübadiləsi aparıldı. Forumda səsləndirilən fikirlərin və qurulan yeni əlaqələrin regionda gələcək əməkdaşlıq imkanlarına töhfə verəcəyinə inanırıq". Sessiyalar zamanı Azərbaycanın regional proseslərdə artan əhəmiyyəti, eləcə də ölkənin regional dialoq və əməkdaşlığın inkişafındakı rolu da müzakirə olunub.




Forumda Azərbaycanın dövlət rəsmiləri və ictimai xadimləri də iştirak edib. Prezidentin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirin müxtəlif sessiyalarında çıxış ediblər. Dövlət nümayəndələrinin iştirakı Azərbaycanın regional dialoq və əməkdaşlıq platformalarında rolunu önə çıxaran əsas məqamlardan biri olub.
Forum çərçivəsində özəl sektor və investisiya imkanlarına da xüsusi diqqət ayrılıb. “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov, “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və “Sabah Investment Group” şirkətinin idarə heyətinin sədri Orxan Mustafayevin iştirakı ilə keçirilən sessiyalarda regional iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları və özəl sektorun regional inkişafda rolu müzakirə olunub.
Təhsil, elm və texnologiya CAMCA Baku 2026 proqramının digər əsas istiqamətlərindən olub. Forum çərçivəsində ADA Universitetində keçirilən ESTEC2026 konfransında yeni texnologiyaların və süni intellektin təhsil, cəmiyyət və regional inkişaf perspektivlərinə təsiri müzakirə edilib. Bu istiqamətdə keçirilən sessiyada Fariz İsmayılzadə ilə yanaşı, müxtəlif ölkələrdən təhsil və ictimai siyasət üzrə ekspertlər iştirak edib.
İki gün davam edən Forum regional əməkdaşlığın iqtisadi, texnoloji və institusional istiqamətlərini əhatə edən müzakirələrlə başa çatıb. Proqramın yekun sessiyalarında CAMCA regionunun dəyişən qlobal mühitdə rolu, regional əməkdaşlığın genişləndirilməsi və gələcək imkanlar nəzərdən keçirilib.