“Azərsun Holdinq”in təşkilatçılığı ilə media nümayəndələri üçün Sumqayıtdakı “Azərsun Sənaye Parkı”nda yerləşən Təmizlik Kağızları Fabrikinə mediatur təşkil olunub. Tur çərçivəsində jurnalistlər “Sun” və “Aura” markalı gigiyenik kağız məhsullarının istehsal prosesi ilə yaxından tanış olublar.
Media nümayəndələrini qarşılayan fabrikin müdiri Kamil Səfərov müəssisənin fəaliyyət istiqamətləri, tətbiq olunan müasir texnologiyalar və məhsulların hazırlanma mərhələləri barədə ətraflı məlumat verib. O bildirib ki, 30 ilə yaxın təcrübəyə malik şirkətlər qrupumuz bu gün Azərbaycanda gigiyenik kağız məhsulları istehsalında birinci yerdədir. Fabrikdə kağız salfet, tualet kağızı, kağız dəsmal və nəm dəsmallar istehsal olunur.
O vurğulayıb ki, istehsal xətləri İtaliya və Türkiyə başda olmaqla aparıcı şirkətlərin ən müasir avadanlıqları ilə təchiz olunub. Məhsullar bu xətlərdə insan əli dəymədən, tam avtomatlaşdırılmış şəraitdə hazırlanır. Bu yanaşma həm məhsulların keyfiyyətini, həm də gigiyena təhlükəsizliyini yüksək səviyyədə təmin edir.
Mediatur zamanı jurnalistlər fabrikin istehsal sahələrini gəzərək xammalın xəttə verilməsindən hazır məhsulun qablaşdırılıb anbara göndərilməsinədək bütün mərhələləri yaxından izləyiblər.







Jurnalistlərin suallarını cavablandıran marketinq müdiri Azad Qarayev isə 2031-ci ilə qədər “Sun” və “Aura” məhsullarının xarici bazarlara çıxarılacağını bildirib. Təmizlik Kağızları Fabriki gələcəkdə də müasir texnologiyaların tətbiqini genişləndirərək ailələrə yüksək keyfiyyətli məhsullar təqdim etməyə və “Made in Azerbaijan” brendini dünya bazarlarında tanıtmağa davam edəcək. Bununla bərabər Azad Qarayev media nümayəndələrinə markalar tərəfindən həyata keçirilən sosial layihələr barədə də məlumat verib. “Sun” və “Aura” məhsul satışı ilə yanaşı, gigiyena vərdişinin hər evə çatdırılmasını da vacib missiya hesab edirlər. Bu məqsədlə “Aura Məktəbli” layihəsi çərçivəsində şagirdlərə gündəlik gigiyena qaydaları öyrədilir. Bölgələrdə isə həkimlərin iştirakı ilə hər il 20 min qapı ziyarəti reallaşdırılır.
Qeyd edək ki, 1998-ci ildən bazarda olan “Sun” Azərbaycanın ilk gigiyenik kağız markasıdır.