2 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjası və Kapital Bankın birgə təşkilatçılığı ilə Kapital Bankın kiçik və orta biznes (KOB) müştəriləri üçün “Azərbaycan Kapital Bazarına Çıxış: Bizneslər üçün Yeni Maliyyələşmə İmkanları” mövzusunda tədbir keçirilib.
Bakı Fond Birjasında baş tutan tədbirin əsas məqsədi KOB-ları Azərbaycan kapital bazarının maliyyələşmə imkanları, eləcə də Birjanın yeni listinq qaydaları çərçivəsində yaradılmış “İnkişaf seqmenti” ilə tanış etmək olub.
Tədbir çərçivəsində Bakı Fond Birjasının Listinq rəhbəri Fərhad Mansurov Birjanın yeni listinq qaydaları, “İnkişaf seqmenti”nin əsas xüsusiyyətləri və KOB şirkətləri üçün nəzərdə tutulan daha əlçatan listinq şərtləri barədə təqdimatla çıxış edib. O, həmçinin kapital bazarı vasitəsilə maliyyələşmənin biznesin inkişafı üçün yaratdığı imkanları iştirakçıların diqqətinə çatdırıb.
İnteraktiv müzakirə formatında keçirilən tədbirdə iştirakçılar kapital bazarına çıxışın praktiki aspektləri ilə tanış olub, şirkətləri üçün mövcud maliyyələşmə imkanlarını müzakirə edib və ekspertə suallar ünvanlayıblar.
Bakı Fond Birjası və Kapital Bank arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən bu təşəbbüs KOB-ların maliyyə savadlılığının artırılmasına, kapital bazarının imkanları barədə məlumatlılığın genişləndirilməsinə və biznes subyektlərinin alternativ maliyyələşmə alətlərinə marağının təşviqinə xidmət edir.