27 sentyabr 2026-cı il tarixində ABŞ-ın Mayami şəhərində keçirilən Sibos 2026 tədbirində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov, eləcə də Azərbaycan banklarının nümayəndələri iştirak ediblər.
Dünyanın aparıcı maliyyə institutlarını və bank sektorunun nümayəndələrini bir araya gətirən Sibos 2026 çərçivəsində beynəlxalq ödənişlərin gələcəyi, rəqəmsal maliyyənin inkişafı, süni intellektin maliyyə xidmətlərinə inteqrasiyası və maliyyə ekosistemində yeni texnologiyaların tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub.
Tədbirin ilk günündə SWIFT rəhbərliyinin iştirakı ilə ənənəvi maliyyə (TradFi) və mərkəzləşdirilməmiş maliyyə (DeFi) arasında fərqlərdən daha çox, bu iki istiqamətin yeni maliyyə ekosistemində qarşılıqlı fəaliyyət imkanlarına diqqət yetirilib.
Müzakirələr zamanı SWIFT platformasının həm ənənəvi, həm də tokenləşdirilmiş maliyyə dəyərlərinin qlobal miqyasda hərəkətini dəstəkləyə biləcək infrastruktur kimi inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.
Sibos 2026 çərçivəsində sərhədlərarası ödənişlərin gələcəy də əsas müzakirə mövzularından biri olub. Bank sektorunun nümayəndələri beynəlxalq ödənişlərin daha sürətli, şəffaf və proqnozlaşdırıla bilən şəkildə həyata keçirilməsi, müştərilər üçün ödəniş təcrübəsinin təkmilləşdirilməsi və müxtəlif ölkələrin ani ödəniş sistemləri arasında qarşılıqlı əlaqənin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Tədbirdə həmçinin maliyyə xidmətlərinin süni intellekt və digər innovativ texnologiyalarla transformasiyası məsələlərinə xüsusi diqqət ayrılıb. “When finance becomes intelligent” mövzusunda müzakirələrdə agent əsaslı süni intellektin, tokenləşdirilmiş aktivlərin və proqramlaşdırıla bilən pulun maliyyə xidmətlərinin gələcəyinə mümkün təsirləri nəzərdən keçirilib.
Müzakirələr zamanı süni intellekt agentlərinin gələcəkdə maliyyə proseslərində daha aktiv rol alması, ödənişlərin və digər maliyyə əməliyyatlarının müəyyən edilmiş səlahiyyətlər çərçivəsində avtomatlaşdırılması, həmçinin bu proseslərdə identifikasiya, səlahiyyət, təhlükəsizlik və məsuliyyət mexanizmlərinin təmin olunmasının vacibliyi qeyd edilib.
Sibos 2026 dünyanın müxtəlif ölkələrindən maliyyə institutlarını, bankları, texnologiya şirkətlərini və digər sektor iştirakçılarını bir araya gətirərək beynəlxalq maliyyə sisteminin gələcək inkişaf istiqamətlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Azərbaycan Banklar Assosiasiyasının və yerli bank nümayəndələrinin tədbirdə iştirakı beynəlxalq təcrübənin öyrənilməsi, qlobal bank sektoru ilə əlaqələrin genişləndirilməsi və maliyyə texnologiyaları sahəsində yeni trendlərin Azərbaycanda müzakirəsinə töhfə verir.