Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edir. Müsabiqə iki mərhələdən – test imtahanı və söhbətdən ibarətdir. Vakant vəzifələrin tələblərinə cavab verən, ali təhsilə malik olan, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək arzusu olan namizədlərin qeydiyyatı 2026-cı il sentyabr ayının 28-dən oktyabr ayının 28-dək aparılacaqdır.
Vakant vəzifələr:
Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi – 2 yer (inspektor)
Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi – 1 yer (inspektor)
Lənkəran regional miqrasiya idarəsi – 3 yer (inspektor)
Şəki regional miqrasiya idarəsi – 3 yer (inspektor)
Xaçmaz regional miqrasiya idarəsi – 1 yer (inspektor)
Ağsu regional miqrasiya idarəsi – 2 yer (inspektor)
Şirvan regional miqrasiya idarəsi – 1 yer (inspektor)
Yevlax şəhər Müvəqqəti yerləşdirmə mərkəzi – 1 yer (inspektor)
Vakant vəzifələr haqqında məlumat, vəzifələrin tutulma şərtləri və s. barədə buradan tanış ola bilərsiniz.
Namizədlər qeyd olunan vakant vəzifələrdən yalnız biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.
Müsabiqənin test imtahanı mərhələsi 4 dekabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcəkdir. Bu mərhələdə namizədlərə qanunvericilik sahəsi üzrə 50, Azərbaycan dili üzrə 15, dünyagörüşü üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üçün 20 olmaqla, cəmi 100 test tapşırığı təqdim olunacaq. Hər test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 70 və daha artıq bal toplayan namizədlər ikinci mərhələyə buraxılırlar.
İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim olunacaq.
Namizədlərə imtahana daha səmərəli hazırlaşmaları üçün test imtahanı proqramı ilə tanış olmaları tövsiyə olunur:
Test imtahanı proqramları və ədəbiyyat siyahısı
İmtahanda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”lərini yaratmalıdırlar (bax, “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”).
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet saytında “Azərbaycan Respublikasının miqrasiya orqanlarına qəbul üzrə imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı namizədin ali təhsili haqqında məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını MyGov portalından Dövlət İmtahan Mərkəzinin Tələbə-məzun məlumatlarım keçidindən istifadə etməklə öyrənə bilərlər.
Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər Dövlət İmtahan Mərkəzinə (Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə) müraciət etməlidirlər.
Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
İmtahan, iştirakçıların sayı, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq kağız daşıyıcılar vasitəsi ilə və ya xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada aparılacaqdır. İmtahan kompüter vasitəsi ilə elektron formada aparılacağı təqdirdə Bakı şəhəri üzrə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 50. TÜRKPA-nın yanı) keçiriləcəkdir. İmtahan kağız daşıyıcılar vasitəsi ilə aparılacağı təqdirdə namizəd buraxılış vərəqində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir.
DİQQƏT!
Aşağıda göstərilən şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər və onlarla yalnız söhbət aparılır:
prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;
digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;
hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
texnika və informasiya texnologiyaları sahələri üzrə yüksək biliyə və təcrübəyə malik olan mütəxəssislər.
Test imtahanından azad edilən şəxslər sənədlərini (kadrlar uçotunun şəxsi vərəqəsi, ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsil haqqında sənədin surəti, hərbi biletin surəti (kişilər üçün), əmək kitabçasının surəti (olduğu təqdirdə), 2 (iki) ədəd fotoşəkil (3x4sm ölçüdə)) 2026-cı il sentyabr ayının 28-dən oktyabr ayının 28-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatına (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) şəxsən təqdim etməlidirlər.
Əlaqə nömrəsi: (012) 562-53-01