24 sentyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında əməkdaşlar üçün “Xərclərin planlaşdırılması” mövzusunda təlim keçirilib.
Mərkəzi Gömrük Hospitalının Maliyyə, Mühasibatlıq, Alqı-satqı və təchizat şöbələrinin əməkdaşlarının, anbar üzrə məsul şəxslərin və tibb bacılarının iştirak etdiyi təlimin əsas məqsədi əməkdaşların xərclərin səmərəli planlaşdırılması və idarə olunması, büdcə prosesinin təşkili, eləcə də anbar idarəetməsi sahəsində biliklərinin artırılması olub.
Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim Bəxtiyar Musayev təlim iştirakçılarını salamlayaraq təlimin işinə uğurlar arzulayıb, eyni zamanda, xərclərin düzgün planlaşdırılmasının və maliyyə vəsaitlərindən səmərəli istifadənin Hospitalın fəaliyyətinin davamlı və effektiv təşkilində mühüm əhəmiyyət daşıdığını, eləcə də büdcə və xərclərin düzgün idarə olunmasının resurslardan səmərəli istifadəyə, iş proseslərinin daha məqsədyönlü təşkilinə və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına imkan yaratdığını bildirib.
Təlimin əvvəlində iştirakçıların mövzu üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə pre-test keçirilib.
Təlim çərçivəsində Mərkəzi Gömrük Hospitalının Mühasibatlıq şöbəsinin baş mühasibi Seyfulla Hüseynov “Növbəti ilin büdcəsinin hazırlanması qaydaları” mövzusunda çıxış edərək büdcənin hazırlanması mərhələləri, xərclərin düzgün planlaşdırılması və büdcə göstəricilərinin müəyyənləşdirilməsi barədə ətraflı məlumat verib.
Daha sonra Mühasibatlıq şöbəsinin mühasibi Ramil Kərimov “Anbar idarəetməsinin əsas funksiyaları” mövzusunda təqdimatla çıxış edərək material və ehtiyatların uçotu, saxlanılması və hərəkətinin təşkili, həmçinin resurslardan səmərəli istifadə məsələlərinə toxunulub.
Təlim interaktiv formatda davam edib, iştirakçıların sualları cavablandırılıb və praktiki nümunələr əsasında fikir mübadiləsi aparılıb.