Banklar


Uçot dərəcəsi sabit saxlanılmaqla faiz dəhlizinin eni genişləndirilib
23.09.2026

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin aşağı həddi isə 0.5 faiz bəndi azaldılaraq 5% səviyyəsində müəyyən edilib. Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər nəzərə alınıb.

Faiz dəhlizinin aşağı həddinin endirilməsi bank sektorunda izafi likvidlik şəraitində banklararası pul bazarında ticarətin təşviqinə yönəlib. Dəhlizin genişlənməsinin Mərkəzi Bankın pul bazarında iştirak səviyyəsini azaltmaqla bankların öz aralarında daha aktiv əməliyyatlar aparmasına sövq edəcəyi gözlənilir. Faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin sabit saxlanılması isə inflyasiya gözləntilərinin stabilləşdirilməsinə xidmət edir.

İllik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin avqust ayında 12 aylıq inflyasiya 5.7% təşkil edib ki, bu da iyuldakı analoji göstəriciyə nəzərən 0.1 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.2%, ödənişli xidmətlər üzrə 5.0%, qeyri-qida məhsulları üzrə isə 3.7% olub. İllik baza inflyasiya 5.1% təşkil edib. Mərkəzi Bankın ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonu daxilində olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 8 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 673 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.7 faiz bəndi azalaraq 2026-cı ilin iyulunda 25.8%-ə enib.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. 8 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 32.9% artaraq 15.3 mlrd. ABŞ dollarına yüksəlib. Bu, Mərkəzi Bankın valyuta ehtiyatları üzrə tarixi maksimum səviyyədir. 

Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkənin xarici ticarətində 10.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-avqust aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 751 mln. ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 74.1% artıb. Cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə əlaqədar Mərkəzi Bankın 2026-cı ilin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunun artım istiqamətində dəyişməsi ehtimalı var.

Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan sektorun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin avqust ayının sonuna 6.3 mlrd. manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2.2 dəfə artıb. Bu şəraitdə təminatsız pul bazarı üzrə bençmark faizlər bir qədər azalmağa meyil edib. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin iyul ayında 6.39%, avqust ayında 6.28%, sentyabr ayının ötən dövründə isə 6.02% olub. Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Mərkəzi Bank likvidliyin idarə edilməsində əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir. Bu əməliyyatların payı avqust ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 70.8% təşkil edib. Bununla yanaşı, Mərkəzi Bankın not portfelinin həcmi də avqust ayının sonuna ötən ilin sonu ilə müqayisədə 4 dəfədən çox artıb. 

Ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə edilməyib. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşlarından daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır. Bu ötürülmənin dərəcəsi digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq. Növbəti dövrdə Mərkəzi Bankın inflyasiya proqnozlarının dəyişmə ehtimalı əsasən bu risklərin reallaşma miqyasına bağlıdır. Mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini artıracağı gözlənilmir.

Cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası nəzərə alınmaqla qəbul ediləcəkdir. Qlobal mühitdəki qeyri-müəyyənlikləri və onların daxili iqtisadiyyata ötürülmə intensivliyini nəzərə alaraq bundan sonra da makroiqtisadi göstəricilər üzrə proqnozlar bir neçə ssenari əsasında nəzərdən keçiriləcəkdir.

Bu qərar 24 sentyabr 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək.

2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edilib. Belə ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilmə tarixi 2026-cı il noyabr ayının 4-dən oktyabr ayının 29-na dəyişdirilib. Ekspertlərlə görüşün də həmin gündə təşkil olunması nəzərdə tutulub.


     



04.08.2026
Sənan Həsənov
Peşəkar ICF PCC Kouç və Təlimçi
07.07.2026
Aida Əliyeva
A Lines MICE & Leisure Travel şirkətinin təsisçisi və direktoru, ali təhsil müəssisələrində müəllim və turizm sahəsi üzrə ekspert
21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
 
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment