Mərkəzi Bankda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Çin Sənaye və Kommersiya Bankı ekspertlərinin iştirakı ilə praktik sessiya keçirilib.
Sessiya zamanı maliyyə bazarlarının dərinləşməsi, qlobal makroiqtisadi vəziyyət, market-meykinq təcrübəsi, AYİB-nin yerli valyutada maliyyələşmə imkanları, yerli valyuta istiqraz bazarının inkişafı üzrə nümunələr, eləcə də yerli valyutada istiqrazların ticarəti mövzuları üzrə təqdimatlar keçirilib. Ekspertlər sözügedən mövzular üzrə ən uğurlu ölkə təcrübələrinə dair tövsiyələrini səsləndirib.
İnvestisiya şirkətləri, Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzi (MDM) və bankların nümayəndələrinin iştirakı ilə keçən sessiyanın əsas məqsədi maliyyələşmə imkanları, istiqraz bazarının inkişafı və market-meykinq mexanizmləri üzrə müasir yanaşmaların müzakirəsi olub.
Mərkəzi Bank maliyyə sektorunun inkişafı və potensialın genişləndirilməsi istiqamətində təşəbbüslərini davam etdirəcək.