22 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) iqtisadiyyat və maliyyə sahəsində çalışan media nümayəndələri üçün “Azərbaycan İqtisadiyyatı və Kapital Bazarına Rəqəmlərlə Baxış” adlı tədbir keçirib.
Tədbirin əsas məqsədi 2026-cı ilin II rübündə Azərbaycan iqtisadiyyatı və kapital bazarında baş verən əsas dəyişiklikləri, həmçinin qlobal və yerli makroiqtisadi göstəriciləri media nümayəndələrinə təqdim etmək olub.
Tədbir BFB-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sabina Atayeva tərəfindən açılış nitqi ilə başlayıb. Çıxış zamanı bülletenin hazırlanmasında əsas məqsədin rüb ərzində baş verənləri daha geniş iqtisadi məzmunda görməyə imkan verən, jurnalistlərin gündəlik işində istifadə edə biləcəyi praktik bir məlumat mənbəyi yaratmaqdır.
2026-cı ilin II rübü üzrə bülleten BFB-nin analitiki Nərmin Bayramlı tərəfindən təqdim edilib. Təqdimat zamanı Azərbaycan və qlobal iqtisadiyyatın əsas makroiqtisadi göstəriciləri, rüb ərzində müşahidə olunan iqtisadi tendensiyalar, eləcə də Azərbaycan kapital bazarının əsas göstəriciləri və dinamikası diqqətə çatdırılıb.
Tədbirdə həmçinin BFB-nin məlumat analitiki Bahar Rüstəmova tərəfindən Birjanın interaktiv məlumat paneli təqdim olunub. Panel istifadəçilərə kapital bazarı üzrə əsas göstəriciləri interaktiv şəkildə izləmək, məlumatları müxtəlif parametrlər üzrə təhlil etmək və bazarın dinamikasını daha ətraflı nəzərdən keçirmək imkanı yaradır.
Tədbirin sonunda media nümayəndələri ilə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.
Bakı Fond Birjası tərəfindən rüblük bülletenin hazırlanması və kapital bazarı məlumatlarının sistemli şəkildə təqdim edilməsi bazar iştirakçıları və media üçün etibarlı, əlçatan və aktual məlumat mənbəyinin formalaşdırılmasına yönəlib.