11 sentyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin təşkili şöbəsinin və Elmi-Təcrübi və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi” mövzusunda növbəti təlim keçirilib.
Mərkəzi Gömrük Hospitalının mühasibatlıq, maliyyə, alqı-satqı və təchizat, texniki-təsərrüfat, həmçinin maliyyə və planlama şöbələrinin əməkdaşları üçün təşkil olunmuş təlimin keçirilməsində məqsəd qeyd olunan struktur bölmələrində çalışan əməkdaşların elektron məlumat və sənəd mübadiləsi ilə bağlı biliklərinin genişləndirilməsi, rəqəmsal iş proseslərindən daha səmərəli istifadə imkanlarının artırılması və kağızsız idarəetmə prinsiplərinin gündəlik fəaliyyətə tətbiqinin təşviq edilməsi olub.
Təlimin açılışında Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım çıxış edərək rəqəmsallaşmanın idarəetmə və inzibati proseslərin səmərəliliyinin artırılmasında mühüm rol oynadığını bildirib. O, xüsusilə maliyyə, satınalma, təchizat və təsərrüfat istiqamətləri üzrə fəaliyyət göstərən struktur bölmələrində məlumatların operativ, düzgün və təhlükəsiz şəkildə ötürülməsinin iş proseslərinin effektiv təşkili baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra Tibbi Xidmət İdarəsinin İnzibati idarəetmənin təşkili şöbəsinin inspektoru Lamiyə Abdinova tərəfindən mövzu üzrə təqdimat keçirilib. Təqdimatda elektron sənəd dövriyyəsinin əsas prinsipləri, rəqəmsal məlumatların idarə olunması, elektron sənədlərlə işləmə qaydaları, məlumatların mühafizəsi və istifadəçi hesablarının təhlükəsizliyi ilə bağlı məsələlər izah olunub.
Təlim çərçivəsində həmçinin kağız sənədlərdən elektron məlumat mübadiləsinə keçidin iş proseslərinə təsiri, sənədlərin hazırlanması və ötürülməsində operativliyin təmin olunması, məlumatların düzgünlüyünün və əlçatanlığının artırılması, eləcə də struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi məsələlərinə toxunulub.
İştirakçılara rəqəmsal sistemlərdən istifadə zamanı informasiya təhlükəsizliyi tələblərinə riayət olunması, xidməti məlumatların məxfiliyinin qorunması və elektron resurslardan məsuliyyətli istifadə ilə bağlı praktiki tövsiyələr verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, gündəlik iş prosesində qarşılaşılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb və təlim interaktiv müzakirə formatında yekunlaşdırılıb.