Bakı Fond Birjası (BFB) ilə Listinq Məsləhət Proqramı çərçivəsində əməkdaşlıq edən JET Group Ltd.-nin Azərbaycan kapital bazarına çıxışı istiqamətində hazırlıq işləri davam etdirilir.
Bu proses çərçivəsində JET Group Ltd. beynəlxalq reytinq agentliyi Fitch Ratings tərəfindən “B” səviyyəsində Emitentin Uzunmüddətli Defolt Reytinqi (Long-Term Issuer Default Rating – IDR) ilə qiymətləndirilib. Reytinq üzrə proqnoz “Sabit” (Stable) olaraq müəyyən edilib. Şirkətin məlumatına əsasən, JET Group Ltd. beynəlxalq kredit reytinqi əldə edən ilk mikromobillik (kick-sharing) şirkətidir.
Şirkətin maliyyə göstəricilərinə əsasən, 2024–2025-ci illər ərzində gəlirlər 5 dəfə artıb. 2026-cı ilin I rübünün sonuna faiz ödənişlərini qarşılama qabiliyyətini əks etdirən göstərici 14 dəfə təşkil edib.
JET Group Ltd. Mərkəzi Asiya və Latın Amerikası da daxil olmaqla bir sıra inkişaf etməkdə olan bazarlarda fəaliyyət göstərir. Şirkət 2025-ci ildə Çili, 2026-cı ildə isə Meksika bazarlarına daxil olmaqla beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirib.
Şirkətin Azərbaycan kapital bazarına çıxışı çərçivəsində istiqraz emissiyasının təminatının yerli bank tərəfindən təqdim edilməsi nəzərdə tutulur. Xatırladaq ki, şirkət xarici hüquqi şəxs olduğundan, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, ölkə ərazisində istiqraz emissiyasının həyata keçirilməsi üçün təmin edilmiş istiqraz buraxılışı tələb olunur.
Hazırda istiqraz emissiyasının təminatı ilə bağlı yerli banklarla görüşlər və müzakirələr davam etdirilir. JET Group Ltd.-nin beynəlxalq kredit reytinqi əldə etməsi şirkətin potensial istiqraz emissiyasının hazırlanması prosesində nəzərə alınan amillərdən biri kimi çıxış edir.
Bakı Fond Birjası Listinq Məsləhət Proqramı çərçivəsində şirkətlərin kapital bazarına çıxışa hazırlıq prosesinin dəstəklənməsi və emissiya imkanlarının qiymətləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.