2 may 2025-ci il tarixində “Aqrobiznesin İnkişafı Forumu-4: Harmoniyaya gedən yol” mövzusunda forum keçirilmişdir. Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təşkil edilən forumda dövlət qurumlarının nümayəndələri, bank sektoru və aqrar biznes subyektlərinin təmsilçiləri iştirak etmiş.Tədbirdə kənd təsərrüfatı kreditləşməsi üzrə mövcud vəziyyət və gələcək imkanlar ətrafında fikir mübadiləsi aparılmışdır.
Forumda Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov bank sektorunun aqrar sahəyə dəstəyi və mövcud təşəbbüslər barədə çıxış etmişdir.
Çıxışında ABA-nın icraçı direktoru, 2024-cü ilin yekunlarını dəyərləndirərək bildirmişdir ki, keçən ilin sonuna olan göstəricilərə əsasən, Azərbaycan bank sektoru stabil və dinamik inkişaf nümayiş etdirib. Belə ki, sektorun kapital adekvatlıq göstəricisi 17.6%-ə çataraq normativi 1.7 dəfə üstələyib, ani likvidlik əmsalı isə 51.9% təşkil edib. Əmanət portfelində fiziki şəxslərin müddətli əmanətlərinin payı 60.1%-ə yüksəlib. Eyni zamanda, kredit portfeli 18.5% artıb, bunun əsas hissəsi biznes kreditlərinin payına düşüb. Kənd təsərrüfatı kreditləşməsi üzrə isə 2025-ci ilin I rübündə 1.8 mlrd. manatlıq kredit ayrılıb ki, bu da illik müqayisədə 18% artım olmasını söyləyərək, son 4 ildə bu göstəricinın demək olar ki, iki dəfə yüksəldiyini vurğulamışdır.
ABA-nın bu sahədə gördüyü işlərə toxunan Yunus Abdulov əlavə etmişdir:
“Kənd təsərrüfatı bizneslərinin maliyyə əlçatanlığının artırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi və ABA tərəfindən birgə “Sosial-iqtisadi inkişafın maliyyələşdirilməsi” layihəsi hazırlanmışdır. Layihənin “5.3” bəndi üzrə – banklar və digər maliyyə institutları vasitəsilə aqrar sektora kredit məhsullarının genişləndirilməsi təşəbbüsü əsasında ABA nəzdində xüsusi işçi qrupu yaradılmışdır. Bununla yanaşı, təqdim etdiyimiz təkliflər paketləri, ekspert qruplarının fəaliyyəti və AKİA ilə koordinasiyalı işlər nəticəsində həm kredit əlçatanlığı artır, həm də şəffaflıq və ixrac potensialı gücləndirilir. Bank sektoru kənd təsərrüfatının maliyyələşdirilməsində daha çevik və effektiv mexanizmlər tətbiq etməkdə qərarlıdır”.
Çıxışının sonunda o, ABA bundan sonra da kənd təsərrüfatı sahəsində maliyyə inklüzivliyinin artırılması, xüsusən də kiçik təsərrüfatlar üçün effektiv maliyyələşmə alətlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirmişdir.