31 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında (BFB) Beynəlxalq Valyuta Fondunun (IMF) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə IMF-in Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya Departamenti üzrə missiya rəhbəri Anna Bordon və BFB-nin rəhbər nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı ölkənin iqtisadi vəziyyəti, maliyyə bazarlarının dayanıqlılığı və kapital bazarlarının inkişaf perspektivləri diqqət mərkəzində olub. Həmçinin, bazarın cari vəziyyəti, investorların cəlb olunması, tənzimləyici mühitin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin tətbiqi kimi mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
IMF-in missiya rəhbəri Anna Bordon, kapital bazarlarının inkişafının Azərbaycanın iqtisadi gələcəyi üçün strateji əhəmiyyət daşıdığını və bu istiqamətdə atılan addımların IMF tərəfindən müsbət qiymətləndirildiyini bildirib.
Qeyd edək ki, Azərbaycan 18 sentyabr 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna üzv olub və bu illər ərzində təşkilatla sıx əməkdaşlıq edilir.