2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19179,2 milyon manat, xərcləri 16775,5 milyon manat olmuş, 2403,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Dövlət büdcəsinin gəlirləri
2026-cı ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 18828,9 milyon manat proqnoza qarşı 19179,2 milyon manat və yaxud 350,3 milyon manat (1,9 faiz) çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 49,7 faizinə bərabərdir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 2,8 faiz çox icra edilməklə 12759,2 milyon manat təşkil edib.
Dövlət büdcəsinin gəlirlərinin 8842,7 milyon manatı və ya 46,1 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 6420,0 milyon manatı və ya 33,5 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3143,6 milyon manatı və ya 16,4 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 350,7 milyon manatı və ya 1,8 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 28,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 394,0 milyon manatı və ya 2,1 faizi sair daxilolmaların payına düşür.
2026-cı ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 217,7 milyon manat və ya 2,5 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 5,5 milyon manat və ya 24,2 faiz, sair daxilolmalardan 246,2 milyon manat və ya 2,7 dəfə çox, gömrük orqanlarının xətti ilə 10,4 milyon manat və ya 0,3 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 108,7 milyon manat və ya 23,7 faiz az, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilib.
Cari ilin altı ayı ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 139,0 milyon manat və ya 1,6 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 52,5 milyon manat və ya 1,7 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 6,3 milyon manat və ya 28,8 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 38,6 milyon manat və ya 12,4 faiz çox vəsait daxil olub.
Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2026-cı ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 57,3 faizini (2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz-bənd çox) təşkil etməklə 10981,0 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 329,1 milyon manat və ya 3,1 faiz, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 703,8 milyon manat və ya 6,8 faiz çoxdur.
Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 64,3 faizini və ya 7064,5 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,6 faizini və ya 3143,6 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,2 faizini və ya 350,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,6 faizini və ya 394,0 milyon manatını sair daxilolmalar, 0,3 faizini və ya 28,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8198,2 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 21,2 milyon manat və ya 0,3 faiz çoxdur.
2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21,7 faizi və ya 1778,2 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 78,3 faizi və ya 6420,0 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 47,4 faizi və ya 843,5 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 41,1 faizi və ya 730,4 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 11,5 faizi və ya 204,3 milyon manatı ABƏŞ-in mənfəət vergisi hesabına olub.
Dövlət büdcəsinin xərcləri
Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.
2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16775,5 milyon manat məbləğində icra edilməklə illik proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 40,2 faizinə bərabər olub.
Cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 11642,5 milyon manatı və ya 69,4 faizi cari xərclərə, 4188,2 milyon manatı və ya 25,0 faizi əsaslı xərclərə, 944,8 milyon manatı və ya 5,6 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.
Bu ilin altı ayında dövlət büdcəsi xərclərinin 52,4 faizi və ya 8787,1 milyon manatı sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 951,3 milyon manat və ya 12,1 faiz çoxdur.
Dövlət büdcəsinin funksional təsnifatı üzrə xərclərin icrası: 2026-cı ilin yanvar-iyun aylarında funksional təsnifata uyğun olaraq müdafiə və milli təhlükəsizlik xərcləri 3437,4 milyon manat, iqtisadi fəaliyyət xərcləri 2578,0 milyon manat, təhsil xərcləri 2400,1 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 2359,8 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 2339,5 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 1403,7 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 669,4 milyon manat, səhiyyə xərcləri 591,6 milyon manat, kənd təsərrüfatı xərcləri 527,3 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 217,9 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 147,0 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 103,8 milyon manat təşkil edib.
Dövlət büdcəsinin iqtisadi təsnifatı üzrə xərclərin icrası: 2026-cı ilin yanvar-iyun aylarında iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi xərcləri 5608,5 milyon manat, qeyri-maliyyə aktivləri 3983,1 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 2324,6 milyon manat, qrantlar və digər ödənişlər 1599,7 milyon manat, sosial ödənişlər 1643,2 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 494,2 milyon manat, subsidiyalar 483,2 milyon manat, faizlər üzrə ödənişlər 467,4 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 139,3 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri 32,3 milyon manat icra edilib.
2026-cı ilin yanvar-iyun aylarında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində illik nəzərdə tutulmuş vəsaitin 30,0 faizi həcmində və ya 810,2 milyon manat vəsait sərf olunmuşdur.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 30,4 faizi həcmində və yaxud 1064,1 milyon manat vəsait istifadə olunmuşdur.
Həmin vəsaitin 974,1 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 489,3 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 371,1 milyon manat, turizm infrastrukturunun yaradılması üçün 67,6 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisi üçün 15,9 milyon manat, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin elektrik təchizatla təmin olunması üçün 15,3 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsinə 7,6 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılmasına 7,3 milyon manat), 29,8 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 45,3 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 14,9 milyon manatı isə müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilmişdir.
Ehtiyat fondlar üzrə xərclərin icrası: 2026-cı ilin altı ayı ərzində bəzi xərclərin maliyyə təminatı üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 23,5 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 121,0 milyon manat, cəm olaraq 144,5 milyon manat vəsait istifadə olunmuşdur.
Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti: 2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. Operativ məlumatlara əsasən cari ilin ilk altı ayı ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 275,9 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 668,9 milyon manat olmaqla (əsas borc üzrə 494,2 milyon manat, faiz borcu üzrə 174,7 milyon manat), ümumilikdə 944,8 milyon manatın ödənilməsi təmin edilib.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı ilin 1 iyul tarixinə xarici dövlət borcunun səviyyəsi 4616,8 milyon ABŞ dolları təşkil etmişdir. Operativ məlumatlara əsasən cari ilin 1 iyul tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,0 faizini təşkil edib.
Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2026-cı il 1 iyul tarixinə 15982,0 milyon manat olmaqla cari il üzrə proqnozlaşdırılan ÜDM-in 12,2 faizini təşkil edib.
İcmal büdcə
2026-cı ilin ilk altı ayında icmal büdcənin gəlirləri 24413,9 milyon manat, xərcləri isə 19824,3 milyon manat icra olunmuşdur. İcmal büdcədə 4589,6 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 4295,4 milyon manat, xərcləri 4123,7 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 125,2 milyon manat, xərcləri 78,1 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 1012,3 milyon manat, xərcləri 1153,8 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8540,2 milyon manat, xərcləri 6434,3 milyon manat məbləğində icra olunub.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 218,4 milyon manat, xərcləri 215,7 milyon manat təşkil edib.