Kaspersky poçt serverləri üçün “Kaspersky Security” proqramının yeni versiyasını təqdim edib. Bu versiyaya genişləndirilmiş təhlil qaydaları əlavə olunub – indi bu həll süni intellektdən istifadə edərək yaradılan fişinq e-poçtlarını üzə çıxarır. Digər yeni xüsusiyyətlərə çevik e-poçt marşrutlaşdırması və şifrə ilə qorunan sənəd əlavələrinin təhdid ehtimalına qarşı yoxlanışı daxildir. Məhsul həmçinin hansı işçilərin daha çox arzuolunmaz e-poçtlar aldığını və artan risk altında olduğunu göstərən bir vidjetə malikdir.
E-poçt təşkilatlar üçün əsas hücum vektorlarından biri olaraq qalır. Hücumçular generativ süni intellektdən istifadə, şifrə ilə qorunan zərərli əlavələrin göndərilməsi və e-poçtların qanuni görünməsi üçün göndərən ünvanlarının saxtalaşdırılması da daxil olmaqla metodlarını daim təkmilləşdirirlər. Yenilənmiş poçt serverləri üçün “Kaspersky Security” həlli təşkilatlara müasir kibertəhdidlərlə effektiv şəkildə mübarizə aparmağa kömək edir və korporativ e-poçt təhlükəsizliyini təmin edir.
Yüksək risk zonasındakı işçilərin müəyyən edilməsi. Kaspersky-nin daxili statistikasına görə, spam e-poçtlarının əksəriyyəti orta hesabla şirkət işçilərinin 30%-dən azına ünvanlanır. Təşkilatlara bu istifadəçi qrupuna xüsusi diqqət ayırmağa kömək etmək üçün poçt serverləri üçün “Kaspersky Security” həlli artıq spam, fişinq, zərərli proqram təminatı və digər istənməyən e-poçtları alma ehtimalı ən yüksək olan işçiləri göstərən xüsusi bir vidjet təqdim edir. Bu, potensial hücum hədəflərini müəyyən etməyə, işçilərin təliminin effektivliyini yüksəltməyə və resurslardan istifadəni optimallaşdırmağa kömək edir.
Çevik marşrutlaşdırma. Bu yeni xüsusiyyət sayəsində istifadəçilər göndərən, alıcı, mövzu, mesaj məzmunu və əlavələr daxil olmaqla müxtəlif filtrləmə meyarlarından istifadə edərək e-poçt trafikinin fərdi emal sxemlərini yarada bilirlər. Bu, marşrutlaşdırmanı müəyyən bir təşkilatın xüsusiyyətlərinə uyğunlaşdırmağa imkan verir və idarəetməni sadələşdirir. Bundan əlavə, məhsulda qaydaların axtarışı və onlara şərhlər əlavə etmək imkanı üçün yeni alətlər mövcuddur.
Təhdidlərə qarşı təkmilləşdirilmiş müdafiə. Həllin yenilənmiş versiyası müasir hücumlar üçün genişləndirilmiş aşkarlama mexanizmlərinə malikdir. Artıq dörd əlavə təhlil qaydası mövcuddur:
• Süni intellektdən istifadə ilə yaradılan e-poçtların aşkarlanması. Həll zərərli linklər və ya əlavələr olmasa belə, fırıldaqçılıq və ya Business Email Compromise (BEC) hücumlarının əlamətləri olan e-poçtları müəyyən etməyə kömək edir.
• Kütləvi spam abunəliklərindən qorunma. Məhsul istifadəçilərin müxtəlif onlayn resurslarda kütləvi şəkildə qeydiyyatdan keçirildiyi hücumları aşkarlayır və hətta hətta qanuni domenlərdən gəlsə belə, qeydiyyatı təsdiq edən e-poçtları bloklayır.
• Yeni qeydiyyatdan keçmiş və ya naməlum domenlərdən gələn e-poçtların aşkarlanması. Həll göndərənin domen yaşını və reputasiyasını təhlil edir. Əgər domen yenicə qeydiyyatdan keçirilibsə və ya “Kaspersky Security Network”- un təhdid bazasında yoxdursa, e-poçt avtomatik olaraq şübhəli kimi işarələnir.
• Reklam mesajlarına çevik giriş. Administratorlar siyasətləri elə konfiqurasiya edə bilərlər ki, müəyyən şirkət şöbələri (məsələn, satınalma şöbəsi) kommersiya təklifləri və reklam e-poçtları almağa davam etsin, paralel olaraq isə, bu e-poçtlar digər işçilər üçün bloklansın.
Bütün genişləndirilmiş təhlil qaydaları hər növ təşkilata və ya müəyyən istifadəçi qruplarına tətbiq oluna bilər. Bununla belə, administratorlar hər bir mesaj növü üçün görüləcək tədbirləri müstəqil olaraq müəyyən edə bilərlər.
Şifrə ilə qorunan sənədlərin yoxlanışı. Həll artıq yalnız arxivləri deyil, həm də şifrə ilə qorunan “Microsoft Office” sənədlərini (DOCX, XLSX) və PDF fayllarını təhlil edir. Bu, istifadəçi əlavəni açmadan və cihazını riskə atmadan əvvəl zərərli məzmunu aşkar etməyə imkan verir.
“E-poçt kibertəhdidlərin korporativ infrastruktura müdaxiləsinin əsas kanallarından biri olaraq qalır. Müşahidələrimiz göstərir ki, təcavüzkarlar etibarlı fişinq mesajları yaratmaq üçün süni intellektdən getdikcə daha çox istifadə edirlər, buna görə də, Azərbaycandakı təşkilatlar üçün bu cür təhlükələri işçilərə çatmazdan əvvəl aşkarlaya bilən müasir həllər tətbiq etmək vacibdir”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.
"Poçt serverləri üçün ‘Kaspersky Security’ həllinin yenilənmiş versiyası təşkilati təhlükəsizliyi yeni səviyyəyə qaldırmağa imkan verir. Yeni funksiyalar mürəkkəb təhdidlərə qarşı gücləndirilmiş e-poçt müdafiəsi təmin edir, insan səhvlərindən qaynaqlanan riskləri azaltmağa yardımçı olur və eyni zamanda məhsulun idarə olunmasını daha rahat və səmərəli edir. Bu təkmilləşdirmələrin kökündə mütəxəssislərimizin bilik və praktik təcrübəsi dayanır. Bu, şirkətlərə yalnız təhdidlərdən qorunmağa deyil, həm də resursları optimallaşdırmağa və işgüzar ünsiyyətin effektivliyini maksimum dərəcədə artırmağa imkan verir", - deyə Kaspersky-nin baş məhsul meneceri Aleksandr Rumyantsev qeyd edir.
Poçt serverləri üçün “Kaspersky Security” həlli haqqında daha ətraflı buradan öyrənə bilərsiniz.