Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin reanimatoloqu Sevda Quliyevanın həmmüəllifi olduğu elmi məqalə beynəlxalq nüfuzlu MDPI nəşriyyatının Life jurnalında dərc olunub.
"Laparoskopik cərrahiyyə zamanı perioperativ hiperoksiyanın ağciyər epitelinə və endotel qlikokaliksinə aid biomarkerlərə erkən təsirinin Prospektiv randomizə olunmuş tədqiqi" adlı elmi araşdırmada əməliyyat zamanı müxtəlif oksigen konsentrasiyalarının insan orqanizminə erkən bioloji təsirləri öyrənilib.
Tədqiqat İstanbul Universitetinin Tibb Fakültəsinin Anesteziologiya və Reanimasiya kafedrasında aparılıb. Araşdırmada laparoskopik aşağı qarın boşluğu əməliyyatları keçirən pasiyentlərdə normal oksigen səviyyəsi (FiO₂ 0,35) ilə yüksək oksigen səviyyəsinin (FiO₂ 0,80) ağciyər toxumasına, damar endotelinin qoruyucu qatı olan qlikokaliksə və iltihabi biomarkerlərə təsiri müqayisə edilib.
Tədqiqatın nəticələri göstərib ki, yüksək oksigen konsentrasiyasının tətbiqi ağciyər və damar endotelini qoruduğunu təsdiqləmir və perioperativ oksigen terapiyasının klinik nəticələrinin daha geniş miqyaslı tədqiqatlarla araşdırılmasına ehtiyac var.
Qeyd edək ki, məqalə 2026-cı il 14 iyul tarixində biologiya və tibb sahəsində nüfuzlu beynəlxalq elmi nəşrlərdən biri olan Life jurnalında dərc olunub. Xatırladaq ki, bu tədqiqat daha əvvəl Türkiyə Anesteziologiya və Reanimasiya Cəmiyyətinin (TARK) Klinik Tədqiqatlar Müsabiqəsində təqdim olunaraq "Klinik tədqiqat" kateqoriyası üzrə birinci yerə layiq görülmüşdü.