Birbank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Üçüncü Bahar Yaşlılara Dəstək İctimai Birliyinin İçərişəhər YAŞA Mərkəzində təşkil olunan "Baharın Misraları" adlı qəzəl gecəsinin qonağı olub.




Görüş zamanı qonaqlara Üçüncü Bahar İctimai Birliyinin 10 illik fəaliyyəti, eləcə də Kapital Bank ilə uzunmüddətli və səmərəli əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu tərəfdaşlıq korporativ sosial məsuliyyət istiqamətində uğurlu əməkdaşlıq nümunəsi olmaqla yanaşı, yaşlı insanların sosial rifahının və həyat keyfiyyətinin yüksəldilməsinə, onların cəmiyyətə daha fəal inteqrasiyasına mühüm töhfə verir.
Tədbir çərçivəsində İçərişəhər YAŞA Mərkəzində həyata keçirilən fəaliyyətlər təqdim olunub, mərkəzin benefisiarları olan yaşlı insanların hazırladıqları qurama nümunələri, rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.
Gecənin bədii hissəsində yaşlı nəslin nümayəndələrinin iştirakı ilə "Baharın Misraları" adlı ədəbi-bədii proqram təqdim edilib. Azərbaycan ədiblərinin əsərlərindən nümunələr səsləndirilib, tamaşalardan seçilmiş səhnələr nümayiş olunub, həmçinin "Bahar Ahəngi" xor qrupunun ifasında musiqi nömrələri təqdim edilib.
Üçüncü Bahar Yaşlılara Dəstək İctimai Birliyi uzun illərdir ki, yaşlı insanların sosial fəallığının artırılması, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və aktiv, sağlam yaşlanmanın təşviqi istiqamətində Kapital Bank ilə uğurlu əməkdaşlığını davam etdirir. Bu tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələr yüzlərlə yaşlı insanın həyatına müsbət təsir göstərərək onların daha keyfiyyətli, mənalı və fəal həyat sürməsinə dəstək olur.
Tədbirin təşkilinə göstərdiyi dəstəyə və etimada görə “Almond Cake&Bakery” şirniyyat evinə təşəkkürümüzü bildiririk.