Bakı Baş Gömrük İdarəsinin inzibati binasında “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun XX-ci xüsusi sessiyası keçirilib.
Tədbir biznes nümayəndələri ilə gömrük orqanları arasında qarşılıqlı dialoqun daha da gücləndirilməsi, sahibkarların gömrük işi ilə bağlı rəy və təkliflərinin dinlənilməsi, eləcə də biznes mühitinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılması məqsədilə təşkil olunub.
Sessiyanın fəxri qonağı qismində çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanov gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi, əməliyyatların sadələşdirilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə məlumat verib. Bildirilib ki, aparılan təkmilləşdirilmələr biznes proseslərin sürətləndirilməsinə, xarici ticarət iştirakçılarının vaxt və vəsaitə qənaət etməsinə əlavə imkanlar yaradıb, məmur-vətəndaş təmasını minimuma endirib. Həmçinin özəl sektor nümayəndələri tərəfindən irəli sürülən təklif və təşəbbüsləri diqqətlə dinlənilib, suallar ətraflı cavablandırılıb.
Plenar müzakirələr çərçivəsində gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, idxal-ixrac əməliyyatlarının səmərəliliyinin artırılması, inzibati prosedurların optimallaşdırılması və G2B (dövlət-biznes) modelinin şəffaflıq prinsipləri əsasında inkişafı geniş təhlil olunub.
Sessiyadan sonra aparıcı şirkətlərin təsisçiləri, baş icraçı direktorları və İdarə Heyətinin üzvləri Bakı Baş Gömrük İdarəsinin daxili infrastrukturu, əməliyyat salonları və xidmət sahələrinin imkanları ilə yaxından tanış olublar. İştirakçılara idarənin gündəlik iş prinsipləri, vətəndaş və sahibkar məmnunluğunun təmin edilməsi istiqamətində tətbiq olunan innovativ metodlar barədə ətraflı məlumat verilib, struktur bölmələrin fəaliyyəti nümayiş etdirilib.
Sahibkarlar bəyannamələrin qəbulu, sənədləşmə prosesinin sürətləndirilməsi və gömrük nəzarətinin təşkili, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə tətbiq olunan ən müasir texnoloji avadanlıqların iş mexanizmini yerindəcə müşahidə etmək imkanı qazanıblar.