Məkkə şəhərində keçirilən Beynəlxalq Halal Sərgidə Azərbaycan məhsulları maraqla qarşılanıb
Azərbaycan pavilyonunda 17 yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub.
14-16 fevral tarixlərində Məkkə şəhərində İslam dünyasının nüfuzlu ticarət platformalarından olan beynəlxalq 3-cü "Məkkə Halal Forum-Sərgisi" keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə ölkəmiz sərgidə Azərbaycan pavilyonu ilə təmsil olunub. 114 kvadratmetr sahəni əhatə edən pavilyonda kənd təsərrüfatı, sənaye məhsulları və innovativ rəqəmsal layihələr üzrə ixtisaslaşmış 17 aparıcı şirkətin məhsul və xidmətləri nümayiş olunub. Azərbaycan məhsulları ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Forum günlərində Azərbaycan pavilyonunda təmsil olunan şirkətlərin nümayəndələri müxtəlif ölkələrin iş adamları ilə görüşlər keçirərək yeni tərəfdaşlıq və ixrac imkanlarına dair müzakirələr də aparıblar.