30 iyun 2026-cı il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Elektron resept” tətbiqinin istifadə dairəsinin genişləndirilməsi məqsədilə maarifləndirici seminar keçirilib.
Mərkəzi Gömrük Hospitalının həkimlərinin iştirakı ilə həyata keçirilən seminarın əsas məqsədi elektron resept sisteminin tətbiq imkanlarının genişləndirilməsi, səhiyyə işçilərinin sistemdən səmərəli istifadə bacarıqlarının artırılması, elektron reseptləşdirmə prosesində vahid yanaşmanın formalaşdırılması, həmçinin rəqəmsal səhiyyə həllərinin gündəlik tibbi praktikaya inteqrasiyasına dəstək göstərilməsi olub.
Seminarda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev salamlama nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib. O, elektron resept sisteminin səhiyyədə rəqəmsal transformasiyanın mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, bu tətbiqin dərman təyinatının təhlükəsizliyinin artırılmasına, tibbi sənədləşmənin təkmilləşdirilməsinə və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini bildirib. İsmayıl Əfəndiyev maarifləndirici seminarın elektron resept sisteminin praktik tətbiqinin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar arzulayıb.
Seminarda çıxış edən Mərkəzi Gömrük Hospitalının Alqı-satqı və təchizat şöbəsinin provizor-texnoloqu Sevinc Qurbanova qeyd edib ki, elektron resept sisteminin tətbiqinin genişləndirilməsi dərman vasitələrinin təyinatı prosesinin daha şəffaf və operativ həyata keçirilməsinə, məlumatların vahid elektron sistem üzərindən idarə olunmasına və tibb işçilərinin iş prosesinin optimallaşdırılmasına mühüm töhfə verir.
Seminar çərçivəsində elektron resept sisteminin funksional imkanları, tətbiq mexanizmləri, normativ-hüquqi tələblər, reseptlərin elektron qaydada tərtib olunması, sistemdən istifadə zamanı rast gəlinən praktiki məsələlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb. Seminar elektron resept sistemindən istifadə qaydaları barədə video-təlimatın izlənilməsi ilə yekunlaşıb.