Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) ölkədə yaşıl iqtisadiyyatın inkişafına və ekoloji dayanıqlılığın gücləndirilməsinə müxtəlif maliyyə mexanizmləri vasitəsilə töhfə verir. Fond sahibkarların yaşıl biznes modellərinə keçidini təşviq edir və bu məqsədlə bərpa olunan enerji, resurslardan səmərəli istifadə və tullantıların müasir üsullarla idarə olunması kimi sahələrdə layihələri dəstəkləyir.
Bu yanaşma nəticəsində alternativ enerji istehsalının genişlənməsi, karbon emissiyalarının azaldılması və innovativ texnologiyaların iqtisadi fəaliyyətə inteqrasiyası sürətlənir. Fondun investisiya və güzəştli kredit mexanizmləri hesabına həyata keçirilən belə təşəbbüslər ölkədə yaşıl iqtisadi transformasiyanın daha dayanıqlı əsaslar üzərində inkişafına xidmət edir.
“Ecostar Green” layihəsi
Tullantıların emalı və alternativ enerji istehsalına yönəlmiş “Ecostar” MMC layihəsi ABDF-in dəstəklədiyi innovativ yaşıl təşəbbüslər sırasındadır. Layihə ABDF-in “SOCAR Downstream” və İtaliyanın “Technip Energies” şirkətləri ilə əməkdaşlığı çərçivəsində reallaşdırılır.
Layihə çərçivəsində tətbiq olunan “Alterra” piroliz texnologiyası vasitəsilə illik 36 min ton plastik tullantının emalından 23,5 min ton piroliz yağı istehsalı gücünə malik müəssisənin qurulması nəzərdə tutulur. Bu proses vasitəsilə plastik tullantılar piroliz yağına çevrilərək alternativ enerji mənbəyi kimi istifadə olunur.
Kəlbəcər-Laçın Su Elektrik Stansiyaları
ABDF Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” şirkəti ilə əməkdaşlıq edərək Kəlbəcər və Laçın rayonlarında kiçik su elektrik stansiyalarının bərpasına yönəlmiş layihəni həyata keçirir. Dövlət–özəl tərəfdaşlığı modeli əsasında icra olunan təşəbbüs regionda mövcud hidroenerji resurslarının enerji istehsalına çevrilməsini hədəfləyir.
Layihənin başlanğıc mərhələsində “Malıbəy” su elektrik stansiyasının yenidən fəaliyyətə başlaması ilə minlərlə ev təsərrüfatının elektrik enerjisi ilə təminatı nəzərdə tutulur. Beləliklə, çayların hidroenerji potensialının elektrik enerjisinə çevrilməsi hesabına həm təmiz enerji istehsalı artır, həm də ənənəvi yanacaq mənbələrindən asılılıq azaldılaraq karbon emissiyalarının aşağı salınmasına real töhfə verilir.
Stansiyalar üzrə ümumi quraşdırılmış güc 12.9 MVt təşkil edir və layihənin icrası nəticəsində işğaldan azad edilmiş bu ərazilərdə 60 nəfər üçün məşğulluq imkanının yaradılması planlaşdırılır.
“Şəfəq” Günəş Elektrik Stansiyası
Günəş enerjisi potensialının reallaşdırılmasına yönəlmiş “Şəfəq” layihəsi ABDF-in iştirak etdiyi əsas təşəbbüslərdən biridir. Bu layihə ABDF, SOCAR Green və bp arasında tərəfdaşlıq əsasında həyata keçirilir.
Layihə çərçivəsində Səngəçal terminalı kimi iri sənaye obyektlərinin enerji tələbatının bərpa olunan mənbələr hesabına qarşılanması təmin ediləcək və bu, fosil yanacaqlardan asılılığın azaldılmasına real şərait yaradacaq.Sahənin quraşdırılmış ümumi gücü 240 MVt təşkil edəcək. Nəticə etibarilə, günəş enerjisindən geniş istifadə karbon emissiyalarının aşağı salınmasına və enerji sisteminin daha dayanıqlı əsaslara keçidinə töhfə verir.
“BYD” layihəsi
Ölkədə ekoloji cəhətdən dayanıqlı nəqliyyat sisteminin inkişafı və ictimai nəqliyyatın yerli istehsal hesabına formalaşdırılması məqsədilə həyata keçirilən “BYD” layihəsi ABDF-in dəstəklədiyi strateji sənaye təşəbbüslərindən biridir. Layihə elektrik nəqliyyatı və batareya istehsalı sahəsində qlobal liderlərdən biri olan BYD Company Ltd. ilə əməkdaşlıq çərçivəsində icra olunur.
Layihə çərçivəsində Azərbaycanda elektrik avtobuslarının yığımı və istehsalını həyata keçirəcək müəssisənin yaradılması nəzərdə tutulur. Mərhələli şəkildə fəaliyyətə başlayacaq zavodun illik istehsal gücü 500 ədəd elektrik avtobusu təşkil edəcək. Strategiyaya uyğun olaraq, 2030-cu ilədək avtobusların ümumi maya dəyərinin 40%-nin lokallaşdırılması hədəflənir ki, bu da ölkədə sənaye kooperasiyasının genişlənməsinə, yerli istehsal imkanlarının inkişafına və texnologiya transferinin gücləndirilməsinə töhfə verəcək.
ABDF ölkədə yaşıl iqtisadiyyatın inkişafını yalnız iri investisiya layihələri ilə deyil, eyni zamanda sahibkarların yaşıl təşəbbüslərinin dəstəklənməsi vasitəsilə də təşviq edir. Fond tərəfindən təqdim olunan güzəştli kredit mexanizmi enerji səmərəliliyi, tullantıların emalı və ekoloji cəhətdən dayanıqlı istehsal sahələrində fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırır. Bu yanaşma xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin yaşıl texnologiyalara keçidini sürətləndirərək onların rəqabət qabiliyyətinin artırılmasına və fəaliyyətlərinin daha dayanıqlı əsaslar üzərində qurulmasına şərait yaradır. Belə ki, indiyədək Fond tərəfindən sahibkarlara məxsus 36 yaşıl layihə üzrə ümumilikdə 34 milyon manatdan çox güzəştli kredit ayrılıb. Bu layihələr arasında günəş panellərinin quraşdırılması, elektrik nəqliyyat vasitələri üçün şarj stansiyalarının yaradılması, eləcə də plastik, metal, akkumulyator, şüşə və digər tullantıların təkrar emalı kimi istiqamətlər üstünlük təşkil edir. Məsələn, Fondun güzəştli kreditlərindən yararlanmış “İntellekt” MMC tərəfindən reallaşdırılan layihə çərçivəsində elektrik nəqliyyat vasitələri üçün şarj stansiyalarının quraşdırılması həyata keçirilir. Bu təşəbbüs ölkədə elektromobillər üçün zəruri infrastrukturun formalaşdırılmasına və onların istifadəsinin genişlənməsinə xidmət edir.
Bununla yanaşı, müəssisələrin istehsal prosesində yaranan tullantıların yenidən emala cəlb olunması və alternativ enerji mənbələrinin tətbiqi vasitəsilə resurslardan daha səmərəli istifadə təmin edilir. Belə təşəbbüslərə nümunə olaraq isə “Azerbaijan Refinery Company” QSC-nin biodizel istehsalı layihəsini göstərmək olar. Fondun güzəştli kreditlə təmin etdiyi bu layihə çərçivəsində istifadə olunmuş avtomobil təkərləri xüsusi texnoloji proseslər vasitəsilə təkrar emal olunaraq ikinci dərəcəli xammala çevrilir. Bu proses nəticəsində təkərlərdən kömür (karbon qalıqları), biodizel və metal qırıntıları əldə edilir.
ABDF tərəfindən dəstəklənən bu kimi layihələr ölkədə yaşıl enerji ekosisteminin formalaşmasına, innovativ texnologiyaların tətbiqinə və ekoloji davamlılığın gücləndirilməsinə yönəlib. Bu yanaşma uzunmüddətli perspektivdə iqtisadi inkişafla ətraf mühitin qorunması arasında balansın təmin olunmasına xidmət edir.