Digər xəbərlər


Faiz dəhlizinin parametrləri dəyişməz saxlanılıb
24.06.2026

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabitləşməsi, geosiyasi vəziyyət, qlobal maliyyə bazarlarında meyillər və ölkədaxili makroiqtisadi mühit nəzərə alınıb.

İllik inflyasiya hədəf daxilindədir və baza ssenari üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin mayında 12 aylıq inflyasiya 5.6% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.6%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.9% olub. İllik baza inflyasiya 5.6% təşkil edib.

Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 5 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 311 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin mayında 27%-ə enib. Yanvar-may aylarında ölkəyə daxil olan pul baratlarının həcmi ötən ilin müvafiq dövrünə nəzərən 28.8% artaraq 560.1 mln. ABŞ dolları təşkil edib.

Valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin 5 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1.2 mlrd. ABŞ dolları məbləğində və ya 10.4% artaraq 12.7 mlrd. ABŞ dollarına çatıb.

Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-may aylarında ölkənin xarici ticarətində 7.2 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2026-cı ilin sonuna cari əməliyyatlar hesabının profisitinə dair proqnozunun daha da yaxşılaşması gözlənilir. Bu, son aylarda qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz ixracı üzrə müsbət meyillərin davam etməsi ilə bağlıdır. 

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində, uçot dərəcəsinə yaxın səviyyədə formalaşır. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin martın sonundan başlayaraq 6.43-6.44% intervalında olub. İzafi likvidlik şəraitində Mərkəzi Bank tərəfindən AZIR-i uçot dərəcəsinə yaxın səviyyədə idarə etmək üçün əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edilir. May ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 7 günlük depozit əməliyyatlarının payı 88.7% təşkil edib. Bununla yanaşı, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə müntəzəm hərraclar da keçirilir. May və iyun aylarında bütün müddətlər üzrə notların gəlirliliyi azalma meyilli olub. İlin qalan dövründə bank sektorunda izafi likvidliyin daha da artması gözlənilir.

Cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində qalacağı proqnozu dəyişməz qalır. Bununla belə, inflyasiyanın xarici mənşəli xərc amillərində aktivləşmə müşahidə edilir.

Ötən iclasdan bəri qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər xarici inflyasiya risklərinin yüksəlmə ehtimalını artırır. Sürətlə dəyişən qlobal mühitdə dünya ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin yavaşlaması inflyasiyanın xarici risk amillərini artıra bilər. Bu amillərin dayanıqlı olub-olmaması ilə bağlı dərin təhlillər aparılır. Daxili mühitdə isə mövcud fiskal və pul siyasəti fonunda məcmu tələbin izafi genişlənməsi ehtimalı yüksək deyil.

Cari ilin qalan dövründə də faiz dəhlizinə dair növbəti qərarlar inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcəkdir. Qlobal mühitdəki qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi göstəricilərin bir neçə ssenaridə proqnozları nəzərdən keçiriləcəkdir. Faiz dəhlizinin parametrləri ilə bağlı qərarlar verilərkən bank sektorunda likvidliyin dinamikası, onun birbaşa və dolayı təsirləri də nəzərə alınacaqdır.

2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edilib. Belə ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilmə tarixi 2026-cı il avqust ayının 5-dən iyul ayının 31-nə dəyişdirilib. Ekspertlərlə görüşün də həmin gündə təşkil olunması nəzərdə tutulub.


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment