İyunun 11-də Qazaxıstan Respublikasının Burabay qəsəbəsində MDB iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 82-ci iclası keçirilib.
Tədbirdə ölkəmizi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 81-ci iclasında qəbul edilmiş qərarların icra vəziyyəti və MDB iştirakçısı olan dövlətlərin gömrük xidmətləri arasında gömrük nəzarəti proseslərində istifadə olunan informasiya texnologiyaları və proqram vasitələri, perspektiv rəqəmsal həllər, eləcə də inspeksiya-baxış komplekslərindən istifadə üzrə qabaqcıl təcrübələrin müzakirəsi aparılıb.
Tədbir çərçivəsində MDB iştirakçısı olan dövlətlərin gömrük xidmətlərinin malların təsnifatı məsələləri üzrə İşçi Qrupunun yenilənmiş tərkibi təsdiq edilib, o cümlədən gömrük işinin müxtəlif sahələri üzrə fikir mübadiləsi aparılıb və bir sıra istiqamətlər müəyyən edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi