Mərkəzi Bank tərəfindən vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən təşəbbüslər davam etdirilir.
Belə ki, 15.06.2026-cı il tarixindən Sumqayıt şəhərində yerləşən 2 saylı “ASAN xidmət” mərkəzində də (Ünvan: Sumqayıt şəhəri, Bulvar küçəsi, 66) Mərkəzi Bank tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcəkdir. Bu yanaşma qəbul prosesində vaxt itkisinin azaldılması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Qeyd edək ki, cari ilin fevral ayından etibarən Mərkəzi Bank tərəfindən vətəndaşların qəbulu ASAN-2 (Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti, 23) və ASAN-5 (Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 115) mərkəzlərində həyata keçirilir.
Bakı şəhəri ilə yanaşı, regionlarda da vətəndaş qəbulu həyata keçirilməkdədir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasında yerləşən ASAN xidmət mərkəzində (Ünvan: Naxçıvan şəhəri, Seyid Cəfər Pişəvəri, 7), Yevlax şəhəri, H.Əliyev prospekti 82 ünvanında, Biləsuvar şəhəri, H.Əliyev küçəsi 2B ünvanında yerləşən Mərkəzi Bankın ərazi idarələrində vətəndaş qəbulu otağı fəaliyyət göstərməkdədir. Eyni zamanda Mərkəzi Bank tərəfindən il ərzində respublikanın müxtəlif rayon və şəhərlərində səyyar qəbullar təşkil olunur.
Vətəndaş qəbulu ilə bağlı əlavə məlumat üçün Mərkəzi Bankın “966” Çağrı Mərkəzinə müraciət etmək mümkündür.