Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktik simpozium keçirilib.
Azərbaycan Tibb Universiteti, Azərbaycan Toksikoloqlar Dərnəyi, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin dəstəyi ilə hibrid formatda keçirilən simpoziumun məqsədi təcili allerqologiya sahəsində müasir diaqnostika və müalicə metodlarının müzakirəsi, bu istiqamətdə qabaqcıl tibbi yanaşmaların paylaşılması, eləcə də mütəxəssislər arasında elmi-praktik əməkdaşlığın genişləndirilməsidir.
Simpozium çərçivəsində “Ağır allergik və toksiko-allergik sindromlar: diaqnostika, klinika və müalicə alqoritmi” və “Allergik və toksiko-allergik vəziyyətlər: xüsusi hallar və onların terapevtik strategiyaları” mövzularında keçirilən panel müzakirələrdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Azərbaycan Tibb Universitetinin, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Baş Tibb İdarəsinin, Mərkəzi Gömrük Hospitalının, Kliniki Tibbi Mərkəzin mütəxəssisləri tərəfindən təqdimatlar nümayiş etdirilib, müzakirələr aparılıb.
Qeyd edək ki, allerqoloq, toksikoloq, anestezioloq-reanimatoloq, terapevt, pediatr və təcili tibbi yardım həkim və rezidentləri üçün nəzərdə tutulmuş elmi-praktik simpoziumda 300-ə yaxın mütəxəssis iştirak edib.