Ölkəmizdə biznes tədbirlərinin təşkili sahəsində ixtisaslaşan “Facemark” şirkətinin təşkilatçılığı ilə keçirilən IX Milli İnsan Resursları Forumu (MİRF) uğurla yekunlaşıb. Bu il forum iştirakçılarını “Yeni reallıq” konsepti ətrafında bir araya gətirərək insan resursları sahəsində müasir çağırışlar, dəyişən iş dünyası və gələcəyin idarəetmə modelləri müzakirə olunub.




Texnologiyanın sürətli inkişafı, süni intellektin həyatımıza inteqrasiyası, dəyişən biznes mühiti və liderlik yanaşmaları insan resursları sahəsində yeni tendensiyalar formalaşdırır. Forum çərçivəsində məhz bu yeni reallıqda insan amilinin qorunması, çevik idarəetmə, innovativ düşüncə və davamlı inkişaf mövzularına xüsusi diqqət ayrılıb.
Forum “Yeni reallıqda liderlik”, “Yeni reallıqda insan” və “Yeni reallıqda oyun qaydaları” adlı üç əsas panel üzrə təşkil olunub. Tədbir boyunca 3 moderator və 15 spiker öz peşəkar təcrübələrini, baxışlarını və praktik yanaşmalarını iştirakçılarla bölüşüblər.
Forumun təşkilati dəstəyi “HR Option” şirkəti tərəfindən göstərilib. Tədbirin sponsoru “Başkent” Restoranlar Şəbəkəsi, dəstəkçiləri isə “Markup Agency” və “Moon Group” şirkətləri olub.
Tədbirin açılış nitqləri MİRF layihə rəhbəri, “Baku Electronics” şirkətinin İnsan Resursları departamentinin direktoru Cabir Süleymanlı və “Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay tərəfindən edilib. Açılış çıxışlarında insan resurslarının müasir biznesdə strateji rolu, yeni dövrün çağırışları və forumun əhəmiyyəti vurğulanıb.
Forumun ilk paneli “Yeni reallıqda liderlik” mövzusuna həsr olunub. Panelin moderatoru “Baku Electronics” şirkətinin İnsan Resursları departamentinin direktoru Cabir Süleymanlı olub. Panel çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Lalə Məmmədova, “Prior Lizinq” şirkətinin İnsan Resursları və İnzibati Xidmətlər Departamentinin müdiri Rəna Şərifova, ADA Universitetinin Təşkilat və İnsan Resurslarının idarə olunması Departamentinin baş rəhbəri Gülnur İsparova, “PAŞA Holding”in Qrup üzrə Liderlik İnkişafı Meneceri Aytən Mehtiyeva və “AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması şöbəsinin müdiri Nurlan Şıxəliyev çıxış edərək liderliyin dəyişən tələbləri, yeni idarəetmə modelləri və insan kapitalının inkişafı barədə fikirlərini bölüşüblər.
“Yeni reallıqda insan” adlı ikinci panelin moderatoru “FutureBright” Şirkətlər Qrupunun Azərbaycan üzrə ölkə direktoru Könül Əliyeva olub. Panel zamanı “Bahar Energy Operating Company”nin İnsan Resursları üzrə direktoru Orxan Əliyev, “Destec Group”un İdarə Heyətinin sədri Sakit Səmədov, Avropa Dövlət İdarəetməsi İnstitutunda xarici ekspert, rəqəmsal transformasiya və süni intellekt sahəsində konsultant Elnur Məmmədli, biznes təlimçi və kouç Lalə Abdurəhmanova, eləcə də “Deloitte Akademiyası”nın rəhbəri Nilufər Məsimova çıxış edərək insan faktorunun dəyişən iş mühitində rolu, adaptasiya bacarıqları və gələcəyin iş modelləri haqqında ətraflı müzakirələr aparıblar.
Forumun son paneli “Yeni reallıqda oyun qaydaları” mövzusunda təşkil olunub. Panelin moderatoru Human Development Centerin direktoru Toğrul Ələkbərov olub. Panel çərçivəsində “Harrison Assessments” partnyoru və məsləhətçi Banu Aksoy, SOCAR Baş Ofisinin Təşkilatı inkişaf şöbə rəisi Qoşqar Qurbanlı, “Beyli Group”un CEO-su, idarəetmə və təşkilati mədəniyyət üzrə konsultant Kamil Bayramlı, “Bank of Baku” ASC-nin İnsan Resursları Departamentinin direktoru Gülarə Novruzova-Gözəlova və “Bestcomp Group” QSC-nin İnsan resursları üzrə baş müdiri Fuad Qəmbərov çıxış edərək dəyişən biznes qaydaları, korporativ mədəniyyət, təşkilati inkişaf və gələcəyin iş strategiyaları barədə dəyərli fikirlər səsləndiriblər.
Forum boyunca insan resursları sahəsində aktual mövzular üzrə geniş fikir mübadiləsi aparılıb, iştirakçılar arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub və peşəkar şəbəkələşmə üçün əlverişli platforma formalaşıb. Həmçinin, forumun rəsmi hissəsindən sonra iştirakçılar üçün xüsusi əyləncə proqramı və after party təşkil olunub. İştirakçılar həm peşəkar networking imkanlarından yararlanıb, həm də musiqili proqramla xoş anlar yaşayıblar. Sevilən ifaçıları Promete və Nərgizin canlı çıxışları tədbirə xüsusi ab-hava qataraq, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
IX Milli İnsan Resursları Forumu insan resursları sahəsində yenilikçi yanaşmaların paylaşılması, peşəkar inkişafın təşviqi və biznes dünyasının aparıcı nümayəndələrinin bir araya gəlməsi baxımından mühüm platforma kimi yadda qalıb.