Mərkəzi Bank DOST Agentliyinin təşkilatçılığı ilə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi çərçivəsində keçirilən növbəti görüşdə təmsil olunub.
Görüş zamanı əlilliyi olan şəxslərin hüquqlarının qorunması və maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində görülən işlər ətrafında da fikir mübadiləsi aparılıb, həmçinin bu istiqamətdə 2026-cı ildə icra olunması nəzərdə tutulan monitorinq məqsədləri, qarşıda duran vəzifələr və digər mövzularla bağlı iştirakçılara məlumat verilib.
Görüşdə Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin direktoru Murad Məmmədov bir sıra cari məsələlərlə bağlı aparılan müzakirələr çərçivəsində Mərkəzi Bankın dəstəyi ilə maliyyə institutları ilə birgə həyata keçirilmiş təşəbbüslər barədə məlumat verib.
Qeyd edək ki, ölkənin maliyyə sektorunun tənzimləyici qurumu olaraq əlilliyi olan şəxslərə maliyyə xidmətləri göstərərkən ayrı-seçkiliyə yol verilməməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi Mərkəzi Bankın diqqət mərkəzində olan məsələlərdəndir. Mərkəzi Bank tərəfindən bu istiqamətdə göstərilən xidmətlərin təkmilləşdirməsi və ayrı-seçkilik hallarına yol verilməməsi məqsədilə sektor nümayəndələri ilə mütəmadi görüşlər və məlumatlandırma təşəbbüsləri keçirilir.