13 may 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) UNEC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş “Əmək yarmarkası”nda iştirak etmişdir.
Tədbir zamanı Bakı Fond Birjasının nümayəndələri tərəfindən tələbələrə Birjanın fəaliyyəti, maliyyə bazarlarındakı rolu, kapital bazarlarının inkişafındakı əhəmiyyəti və ümumilikdə investisiya mühiti barədə ətraflı məlumat təqdim olunmuşdur. Bununla yanaşı, iştirakçılara Bakı Fond Birjasında mövcud olan karyera imkanları, işə qəbul prosesi, tələbələr və yeni məzunlar üçün nəzərdə tutulmuş təcrübə proqramları haqqında geniş izahat verilmişdir.
Tədbir çərçivəsində tələbələrlə interaktiv müzakirələr aparılmış, onların sualları cavablandırılmış və real iş mühiti ilə bağlı praktiki biliklər paylaşılmışdır. Bu, iştirakçıların maliyyə sektoru haqqında daha dolğun təsəvvür formalaşdırmasına və gələcək karyera seçimlərini daha düzgün istiqamətləndirməsinə imkan yaradır.
Görüşün nəticəsi olaraq, 100-ə yaxın tələbə Bakı Fond Birjasının təcrübə proqramında iştirak etmək üçün müraciət etmişdir ki, bu da gənclərin kapital bazarlarına artan marağının göstəricisidir.
Qeyd edək ki, karyera yarmarkaları tələbələrin işəgötürənlərlə birbaşa ünsiyyət qurmasına, real iş mühiti ilə tanış olmasına və gələcək peşə seçimlərini daha düzgün müəyyən etməsinə geniş imkan yaradır.
Bakı Fond Birjası olaraq, gənc istedadların inkişafına dəstək göstərmək, onların maliyyə bazarları sahəsində bilik və bacarıqlarını artırmaq və gələcək peşəkar kadrların formalaşmasına töhfə vermək əsas prioritetlərimizdəndir.